Yandex watch
Üz dərisi niyə solğun olur?

Bəzən sağlam dəri belə mat və cansız görünə bilər. Bu hal həm daxili, həm də xarici faktorların təsiri ilə bağlı ola bilər.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, dermatoloqlar bu məsələyə diqqət çəkməyi vacib sayırlar.

Daxili səbəblər

Xroniki yorğunluq və yuxusuzluq

Yuxu zamanı dəri aktiv bərpa mərhələsinə keçir. Altı saatdan az yatmaq filagrin adlı zülalın azalmasına səbəb olur. Bu isə dərinin quruması, soyulması və solğun görünməsi ilə nəticələnir. Eyni zamanda, yuxusuzluq kortizol səviyyəsini artırır ki, bu da kollagen və hialuron turşusunun sintezini ləngidir.

Xroniki xəstəliklər

Qaraciyər və böyrək problemləri bədənin təmizlənmə prosesini pozur. Qaraciyər xəstəliklərində bilirubin qanda toplanaraq dəriyə sarımtıl çalar verir. Diabet və bəzi mədə-bağırsaq xəstəlikləri də dərinin rənginə təsir göstərə bilər.

Dərmanların uzun müddətli istifadəsi

Bəzi dərmanlar bağırsaq florasını dəyişərək dəridə reaksiya yarada bilər. Antibiotiklər, steroidlər, antidepresanlar bu təsirlərə səbəb ola bilər.

Hormonal pozğunluqlar

Hormon balanssızlığı dəriyə birbaşa təsir göstərir. Hamiləlik, menopoz, hormonal dərmanlar bu tarazlığı poza və kollagenin istehsalını zəiflədə bilər.

Vitamin və mikroelement çatışmazlığı

C vitamini kollagen üçün vacibdir. Onun çatışmazlığı dəridə oksidləşdirici stresi artırır. Dəmirin çatışmazlığı anemiyaya səbəb olur, bu da dərini solğun və tutqun edir. Sink və A, E vitaminləri də dərinin regenerasiyasını və müdafiəsini təmin edir.

Yanlış qidalanma

Zərərli qidalar maddələr mübadiləsini pozur və iltihabı artırır. Şəkərli və trans yağlarla zəngin qidalar kollagenlə birləşərək dərinin elastikliyini azaldır və onu vaxtından əvvəl yaşlandırır.

Pis vərdişlər

Siqaret və spirt dəriyə zərər verir. Nikotin damarları daraldır, oksigen axınını azaldır. Spirt isə dəridə iltihabı artırır və A vitamini səviyyəsini salır.

Xarici səbəblər

Günəş və hava çirkliliyi

Ultrabənövşəyi şüalar və çirklilik sərbəst radikalların yaranmasına səbəb olur. Bu radikallar dəridə piqment pozuntuları və kollagen itkisinə gətirib çıxarır. Şəhər mühitində yaşayan insanların dərisində daha tez qırışlar və ləkələr əmələ gəlir.

Hava şəraiti

Soyuq hava və yayda kondisionerlərin təsiri ilə dəri quruyur. Qəfil hava dəyişiklikləri dəridə stress yaradır. Bu, dərinin qoruyucu baryerinə zərər verir və onu daha solğun göstərir.

Uyğunsuz dəriyə qulluq məhsulları

Səhv kosmetik vasitələr, tez-tez piling və spirtli toniklər dərini daha da qurudur. Bu da qırışların və solğunluğun yaranmasına səbəb olur.

Nə zaman həkimə müraciət etməli?

25 yaşdan sonra bədəndə qocalma prosesi başlayır. Dəridə solğunluq, quruluq və digər dəyişikliklər hiss olunarsa, mütləq dermatoloqa müraciət etmək lazımdır.

Dəriyə qulluqla solğunluq aradan qalxa bilərmi?

Bəli, düzgün dəriyə qulluq məhsulları dəri tonunu yaxşılaşdıra bilər. Lakin məhsulların seçimi mütəxəssis tərəfindən edilməlidir. Bundan başqa, kosmetoloji prosedurlar da faydalıdır. Onlar dərinin qoruyucu funksiyasını gücləndirir, nəmləndirir və hüceyrə yenilənməsini dəstəkləyir.

Tərcümə: Könül Oruc

E-saglam.az