Tozlu hava şəraiti sağlamlığımıza necə təsir edir və kimlər diqqətli olmalıdır?
Tozlu hava şəraiti sağlamlığımıza necə təsir edir və kimlər diqqətli olmalıdır?

Dünəndən etibarən Bakı və Abşeron yarımadasında havada tozun miqdarı normadan 2-3 dəfə çox olaraq davam etməkdədir. İnsanlar bu havanın sağlamlıqlarına mənfi təsir etməsi ilə bağlı fikirlər səsləndirirlər.

Tozlu havanın sağlamlığımıza mənfi təsirləri, kimlərin daha diqqətli olması və tozlu hava şəraitində necə davranmağımız ilə bağlı İnfeksionist-hepatoloq Mərdan Əliyev E-saglam.az-a müsahibə verib.

Həmin müsahibəni təqdim edirik: 

- Mərdan doktor, iki gündür davam edən tozlu hava şəraiti insanların sağlamlığına necə təsir göstərir?

- İki gündür davam edən tozlu hava şəraiti havada toz hissəciklərin normadan artıq olması ilə əlaqəlidir. Bu da müxtəlif xəstəliklərə səbəb ola bilər. Xroniki xəstəliyi olanların xəstəliyini kəskinləşdirə bilər. Söhbət ağciyər xəstəliyi olanlardan gedir. Bunun səbəbi havada olan tozun bizim tənəffüs yollarımıza və ağciyərlərimizə daxil olması və onları qıcıqlandırmasıdır. Bu havanın tərkibində tozlarla yanaşı, xırda hissəciklər şəklində toksik maddələr də var. Onların da toksik və allergik təsiri tozla bir yerdə xəstəliklərin kəskinləşməsinə səbəb olur.

- Saytımıza şikayətlər gəlir ki, bu havadan sonra qrip oluruq. Həqiqətən bu hava insanlarda qrip və xəstəliyi artırırmı?

- Bronxial astma, bronxit, hətta pnevmoniya kimi xəstəliklərə səbəb ola bilər. Allergik rinit dediyimiz xəstəlik qripə oxşayır və çox zaman qriplə qarışdırılır. Lakin fərqli olaraq allergik rinitdə qızdırma olmur. Allergik rinit burun axması, göz sulanması, asqırma ilə müşayiət olunur. Təbii ki, bu havanın qrip törətməsi mümkün deyil, çünki qrip insandan-insana keçir, havadan insana keçmək ehtimalı yoxdur. 

- Hansı şəxslər bu havada daha diqqətli olmalıdılar?

- Bu havada hər kəs qorunmalıdır, xüsusilə də uşaqlar və yaşlılar belə havaya həssasdırlar. Ona görə də, belə havada onları çölə çıxarmamaq lazımdır, ev şəraitində olmaları daha yaxşıdır. Ümumilikdə isə, hər kəs imkan daxilində ev şəraitində qalsa yaxşı olar.

- Ev şəraitində qalmaq bu tozdan qorunmağı təmin edirmi?

- Bəli, tozlu hava şəraitində evdə qalmaq qoruyur. Çünki belə havada açıq şəraitdə tozun miqdarı daha çox olur, amma evdə tozun miqdarı az olur. Əgər evdə pəncərə qapılar çox açıq deyilsə və ev çox açıq sahədə yerləşmirsə tozun miqdarı həmin evlərdə daha az olur.

- Doktor, bəs maskadan istifadə necə?

- Allergik və ağciyər xəstəlikləri, bronxiti, bronxial atması olanlar mütləq şəkildə maskadan istifadə etməlidirlər. Toz hissəcikləri çox kiçik olduğu üçün adi maska ondan qorumur, filtrli N95 dediyimiz maskalardan istifadə bu toz hissəciklərindən tamamilə qoruya bilir.

Könül Oruc

E-saglam.az