Çinli həkimlər tibbdə yeni dövrə imza atıblar.
E-saglam.az xəbər verir ki, robot texnologiyası və peyk rabitəsinin birləşməsi ilə Pekindəki bir cərrahlar qrupu, 5000 kilometr uzaqlıqdakı Lhasada yaşayan iki xəstəyə uzaqdan əməliyyat həyata keçirib. Bu, tibbi texnologiyalar tarixində ilk belə hadisə kimi qeydə alınıb.
Ənənəvi 5G dəstəkli telecərrahiyyə coğrafi məsafələrlə məhdudlaşırdı və peyk bağlantısında yaranan gecikmələr incə əməliyyatların aparılmasını mümkünsüz edirdi. Lakin yeni texnologiyalar sayəsində bu problemlər aradan qaldırılıb – gecikməyə qarşı kompensasiya sistemi yaradılıb, bant genişliyi azaldılıb və 5G ilə ehtiyat dəstək təmin edilib.
Professor Ronq Liunun rəhbərlik etdiyi tibbi komanda Apstar-6D peykindən istifadə edərək qaraciyər xərçəngi və hemangioması olan iki xəstəni uğurla əməliyyat edib. 124 dəqiqəyə qədər davam edən cərrahi müdaxilələrdə heç bir ciddi fəsad qeydə alınmayıb və xəstələr 24 saat ərzində evə buraxılıblar.
Bu texnologiya uzaq bölgələr, təbii fəlakət zonaları və müharibə bölgələri üçün də ümidverici perspektiv yaradır. Çin yaxın gələcəkdə bu sistemin klinik yoxlamalardan sonra gündəlik tibbi xidmətlərə inteqrasiyasını planlaşdırır. Bu, tibbin “kosmos dövrü”nün başlanğıcı kimi qiymətləndirilir.
Tərcümə: Könül Oruc