
Bağırsaqlarda tez-tez qaz toplanması ciddi həzm problemlərinin əlaməti ola bilər.

E-saglam.az xəbər verir ki, Memorial Antalya Xəstəxanasının Qastroenterologiya şöbəsinin mütəxəssisi Dr. Adil Duman qeyd edir ki, qaz əmələ gətirən qidaların, xüsusilə paxlalılar, pendir, süd və qarğıdalının həddindən artıq istehlakı bağırsaq tıxanıqlığına səbəb ola bilər. Bundan əlavə, yeməyi sürətli yemək, yaxşı çeynəməmək və yemək zamanı danışmaq da həzm sisteminə mənfi təsir göstərə bilər.
Lobya, mərcimək, noxud, kələm, Brüssel kələmi və brokoli kimi qidalar tərkibindəki rafinoz şəkəri səbəbindən bəzi insanların həzm sistemində çətinlik yarada bilər. Əgər həzm sistemi bu qidaları tam parçalaya bilmirsə, bağırsaqlardakı bakteriyalar həddən artıq qazın yığılmasına səbəb ola bilər. Qazın bədəndən çıxması çətinləşərsə, bu vəziyyət bağırsaq tıxanıqlığına yol aça bilər. Lakin bu təsirlər hər insanda fərqli şəkildə özünü göstərə bilər və fərdin ümumi sağlamlıq vəziyyəti mühüm rol oynayır.
Dr. Duman yaşlandıqca bədəndə süd şəkərini həzm edən fermentin azalmasını vurğulayaraq, laktoza dözümsüzlüyünün yetkinlərdə təxminən 30%-də müşahidə edildiyini bildirib. Buna görə də, süd istehlakının azaldılması və onun əvəzinə qatıq, pendir kimi fermentləşdirilmiş süd məhsullarına üstünlük verilməsi tövsiyə olunur. Qıcıqlanmış bağırsaq sindromu (İBS) kimi xəstəliklər də qaz şikayətlərini artıran amillər arasındadır.
Həzm sistemində həddindən artıq qaz yığılması davamlı narahatlıq yaradırsa, mütəxəssisə müraciət etmək vacibdir. Dr. Duman bildirir ki, bu problem qeyri-kafi çeynəmə, tez yemək və həddindən artıq yağlı və proteinli qidalarla yanaşı, parazitlər və qaraciyər xəstəlikləri kimi digər faktorlarla da əlaqəli ola bilər. Bu səbəbdən, balanslı qidalanma və düzgün yemək vərdişləri həzm sağlamlığını qorumağın əsas şərtlərindəndir.
Tərcümə: Könül Oruc