
Səyahət zamanı qəbul edilən bəzi dərmanlar gözlənilməz təsirlər yarada bilər. Xüsusilə təyyarə ilə yüksək hündürlüyə qalxarkən orqanizmdəki dəyişikliklər dərmanların təsir gücünü artıra və ya təhlükəli vəziyyətlərə səbəb ola bilər.

E-saglam.az xəbər verir ki, həkim Sean Ormond bu barədə ciddi xəbərdarlıq edib və yeddi dərman növünə xüsusi diqqət yetirilməsini tövsiyə edib.
Uçuş zamanı diqqətli olunmalı 7 dərman:
Opioid ağrıkəsicilər – Yuxululuq, nəfəs darlığı və qarışıqlıq yarada bilər. Kabində oksigen səviyyəsi az olduğu üçün bu risk artır. Daha yüngül alternativlərə üstünlük verilməlidir.
Yuxu həbləri – Uçuş zamanı rahatlıq üçün seçilsə də, oriyentasiya pozğunluğu və reaksiyanın zəifləməsi ilə nəticələnə bilər. Göz maskası və boyun yastığı kimi təbii həllər daha təhlükəsizdir.
Narahatlıq, təlaş əleyhinə dərmanlar – Təsiri yüksək hündürlükdə arta bilər, bu isə huşsuzluq və zəifliyə səbəb ola bilər. Nəfəs məşqləri və təbii rahatlaşdırıcı üsullar tövsiyə olunur.
Diuretiklər (su dərmanları) – Susuzluq və tez-tez tualet ehtiyacına səbəb olur. Uzun uçuşlarda başgicəllənmə riski artır. İstifadə olunarsa, bol su qəbul edilməli və koridor oturacağı seçilməlidir.
Yuxulu antihistaminiklər – Allergiya üçün istifadə olunan bəzi antihistaminiklər yuxululuq və yavaş reaksiya yarada bilər. Yuxusuz alternativlər (məsələn, Claritin) daha uyğundur.
Güclü əzələ rahatladıcı – Hərəkətliliyi azaldaraq qan dövranı problemlərinə yol aça bilər. Dartma məşqləri və ya istilik tətbiqləri daha təhlükəsizdir.
Qan durulaşdırıcılar – Uzun müddət hərəkətsizlik zamanı risk artır. Həkim məsləhəti ilə hər saat hərəkət edilməli, sıxılma corabları istifadə olunmalıdır.
Xroniki xəstəlikləri olan şəxslərin səyahətdən əvvəl mütləq həkimlə məsləhətləşməsi vacibdir.
Tərcümə: Könül Oruc