
Qulaqlıqlardan istifadə musiqi dinləmək sevənlər üçün əyləncəli olsa da, səhv və uzun müddət istifadə edildikdə ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

E-saglam.az xəbər verir ki, Qulaq Burun Boğaz Xəstəlikləri Mütəxəssisi Dr. Şenel Alkır, qulaqlıqların 15 dəqiqədən çox istifadəsinin təhlükəli olduğunu və bu müddət ərzində qulaqların istirahət etməsi lazım olduğunu bildirir. Uzun müddət yüksək səsdə qulaqlıqların istifadəsi, daxili qulaqdakı həssas hüceyrələrin zədələnməsinə səbəb ola bilər ki, bu da daimi eşitmə itkisinə yol açar.
Dr. Alkır həmçinin, qulaqlıqların qulaq içi strukturunu zədələdiyini və müdafiə mexanizmini zəiflətdiyini qeyd edir. Bu, uğultu, zəng və digər qulaq problemləri ilə nəticələnə bilər. Qulaqlıqdan istifadə edərkən səs səviyyəsinin 60-70 desibeldən yüksək olmaması tövsiyə edilir. 110 desibeldən yüksək səslər ciddi təhlükə yaradır və qulaqlara zərər verə bilər.
Bundan əlavə, qulaqlıqların müntəzəm olaraq təmizlənməməsi qulaqda bakterial və göbələk infeksiyalarının yaranmasına səbəb ola bilər. Xüsusilə qulaq içi qulaqlıqların istifadəsi, nəmli və qapalı mühitdə mikrobların inkişafına şərait yaradır. Bu infeksiyalar müalicə olunmazsa, orta qulaqdan beyinə keçərək ölümcül nəticələrə yol aça bilər.
Dr. Alkır, qulaqlıqların istifadəsini 1-2 saatla məhdudlaşdırmağı və hər istifadədən əvvəl dezinfeksiya edilməsini tövsiyə edir. Ayrıca, qulaqlıq seçimində, qulaq kanalını tamamilə bağlamayan, erqonomik modellər daha təhlükəsizdir. Bütün bunlar qulaq sağlamlığını qorumağa kömək edəcəkdir.
Tərcümə: Könül Oruc