Dünyanın bir çox ölkələrində himayədar ailə modelinə ahıl şəxslərin də daxil edilməsinə başlanılıb. Belə ki, bəzi ölkələrdə ahıl şəxslər ailələrə verilib. Bu layihənin ölkəmizdə də həyata keçirilməsi mümkündürmü?
E-saglam.az xəbər verir ki, mövzu ilə bağlı Modern.az-a danışan sosioloq Üzeyir Şəfiyev bildirib ki, bu, dünyada yeni institutlaşmadır:
“Azərbaycan hökumətinin De-İnstitutlaşma proqramı var. Bu proqram 2006-2015-ci illəri əhatə edən məsələ idi. Bu layihə indi də davamlı şəkildə alternativ layihələrlə dəstəklənir. Azərbaycan Birləşmiş Millətlər Təşkilatının uşaq hüquqıarı ilə bağlı beynəlxalq konvensiyaya da qoşulub. Konvensiyada birmənalı şəkildə qeyd olunur ki, uşaqlar üçün ən yaxşı mühit ailə mühitidir. Dövlət uşaq müəssisələrində yüksək təminatlar olsa da, bu ailədə verilən mənəvi dəstəyi əvəz edə bilməz. Bu baxımdan Azərbaycanda övladlığa uşaq götürmə institutlaşması var”.
Onun sözlərinə görə, himayədar ailə layihəsinin ahıllara tətbiqi ilə bağlı məsələ tamamilə yenidir:
“Azərbaycanda və dünyada bununla bağlı institutsional səviyyədə təcrübə yoxdur. Azərbaycanda ahıl şəxslərə övladları yoxdursa, yaxınları yoxdursa, hər zaman el-oba köməkliyi olur. Ancaq bunu institutsional hala gətirib himayədar ailə şəklinə salmaq bizim üçün çətin olar. Azərbaycanda ən güclü arxetiplərdən biri “ağsaqqal”, “ağbirçək” arxetipidir. Belə arxetip olan cəmiyyətdə bu təcrübənin tətbiqi asan baş verə bilməz. Bəlkə də bu paytaxtda və böyük şəhərlərdə müəyyən qədər mümkün ola bilər. Amma regionlarda belə bir modelin yaradılması mümkün deyil. Çünki bu arxetip daha da güclüdür. Amma şəhər mühitində də buna gedilməsi tərəddüdlüdür. Bizim cəmiyyət ənənəvi olduğu üçün belə məsələlərə ictimai qınaq çox sərtdir. Mən bunda fayda da görürəm. Ahıllara, yaşlılara övladları diqqət, həssasiyyət göstərməlidir. Himayədar ailə institutunu ahıllara da tətbiq etmək həm də dövlət üçün əlavə maliyyə yükü deməkdir. Himayədar ailədə himayəçi şəxsə dövlət tərəfindənd də dəstək olunur. Əgər ahıl şəxslərin övladları, qayğılarına qalacaq yaxınları yoxdursa, xeyirxah bir addım kimi imkanlı insanlar belə bir addım ata bilər. Məsələn imkanlı şəxs kimsəsiz bir ahılı götürüb öz himayəsinə götürə, təminatını qarşılaya bilər. Bu xeyirxah əməl kimi edilə bilər, ancaq bunu institutsional hala gətirmək həm cəmiyyətin arxetiplərinə uyğun gəlmir, həm də dövlət üçün əlavə maliyyə yükü deməkdir”.
Sosioloq qeyd edib ki, Azərbaycanda kifayət qədər zəngin, təminatlı insanlar var, onlar bu sahədə örnəklər göstərə bilərlər:
“Onlar kimsəsiz ahılları öz himayələri altına ala, dəstək göstərə, qayğılarına qala bilər. Bunlar yalnız dövlətin deyil, həm də imkanlı şəxslərin işidir. Ancaq bu formal himayədarlıqn institutu kimi deyil, şəxsi təşəbbüs kimi bu addımı ata bilərlər. Bu çox örnək addım olar, amma bu addımların himayədar ailə institutu kimi edilməsi məncə düzgün deyil. Belə bir institutun yaradılması pis bir ənənənin təməlini qoya bilər. Ahıllar üçün belə bir institut formalaşdırılarsa, bu əslində bəzi məsuliyyətsiz övladları, “varis”ləri öv valideynini belə bir institutun üzərinə yönəldə və övlad məsuliyyətindən kənarda qala bilər. Mən təklif edərdim ki, himayədarlıq layihəsini ahıllara tətbiq etmək kimi yox, sadəcə olaraq şəxsi təşəbbüs kimi edilsin. Bununla bağlı sosial sahibkarlığın bir istiqaməti kimi özəl ahıllar evi yaradıla bilər. Özəl ahıllar evi ölkəmizdə yoxdur. Yaradılacaq özəl ahıllar evinə vergi güzəştləri və digər güzəştlər tanına bilər”.