Vaşinqton Universitetində aparılan bir araşdırma, Covid-19 pandemiyasının yeniyetmələrin beyin inkişafına mənfi təsir etdiyini ortaya qoydu. Xüsusilə qızlarda beynin yetişməsinin sürətləndiyi bildirilir
E-saglam.az xəbər verir ki, Covid-19 pandemiyası bütün dünyada bir çox insanın həyatına dərindən təsir edib. Lakin bu proses gənclərin, xüsusən də yeniyetmələrin beyin inkişafında qalıcı izlər buraxmış ola bilər. Vaşinqton Universitetinin apardığı araşdırmaya görə, pandemiyanın gətirdiyi sosial izolyasiya və qeyri-müəyyənlik gənc beyinlərdə struktur və funksional dəyişikliklərə gətirib çıxarır. Bu təsirin xüsusilə qızlarda özünü büruzə verdiyi və beyin yetişməsinin normaldan daha tez baş verdiyi bildirilir.
Qızlara daha çox təsir etdi
Araşdırmanı qiymətləndirən Medipol Acıbadem Xəstəxanası Nevrologiya Mütəxəssisi Dos. Dr. Buse Çağla Arı deyib: “Vaşinqton Universitetindən Dr. Neva Korriqanın və onun komandasının "Proceedings of the National Academy of Sciences" (PNAS) jurnalında dərc olunmuş araşdırmasına görə, bu sürətlənmiş yetkinləşmə davranış pozğunluqları riskini artıra bilər. Araşdırmada qızlarda ortalama beyin inkişafı prosesinin 4,2 il, kişilərdə isə 1,4 il sürətləndiyi ifadə edilir. Pandemiya dövründə yeniyetmələrin ruhi sağlamlığının izlənilməsi və dəstəklənməsi vacibdir".
Pandemiya prosesində yeniyetməlik dövründə gənclərin monitorinqinin vacibliyinə diqqət çəkən Dos. Dr. Arı bildirib ki, bu fərdlər üçün uyğun dəstək mexanizmlərinin hazırlanması onların uzun müddətli psixi sağlamlıqlarını qorumaq üçün kritik əhəmiyyət kəsb edir: "Bu prosesdə gənclərin təcrübələrini izləmək, anlamaq və dəstəkləmək onların gələcəkdə qarşılaşa biləcəkləri problemləri minimuma endirə bilər".
Tərcümə: Könül Oruc