E-saglam.az xəbər verir ki, Oksford Universitetinin araşdırmasına görə, insanın həyat tərzi və ətraf mühit amilləri xərçəng kimi ciddi xəstəliklərə tutulma riskini artırır. Siqaret çəkmə, qeyri-sağlam qidalanma və sosial-iqtisadi vəziyyətlə yanaşı, həyata baxış tərzi də sağlamlıqda mühüm rol oynayır.
Şiddətli depressiya tibbi müdaxilə tələb edən ciddi xəstəlikdir. Lakin bəzi insanlar klinik depressiyaya düşməsələr də, daimi pessimizm içində yaşayırlar. Bu vəziyyət tibb dünyasında “distimiya” adlanır və davamlı aşağı əhval-ruhiyyə, həyatdan həzz almağın azalması və məhsuldarlığın düşməsi ilə xarakterizə olunur.
Distimiyası olan insanlar gündəlik həyatlarına davam edə bildikləri üçün çox vaxt müalicəyə ehtiyac duymurlar. Ətrafdakılar onları sadəcə bədbəxt və ya qıcıq kimi qəbul edirlər. Lakin araşdırmalar göstərir ki, bu vəziyyət hətta ömrün uzunluğuna da təsir edə bilər.
Bu vəziyyətdən çıxış yollarından biri koqnitiv davranışçı terapiyadır (CBT). Bu terapiya insanlara mənfi düşüncələri sorğulamağa və daha sağlam baxış bucağı formalaşdırmağa kömək edir.
Bundan əlavə, bəzi praktik üsullar da distimiya ilə mübarizədə faydalıdır. Düşüncələri kağıza köçürmək, problemləri yazmaq və həll yollarını tapmağa çalışmaq təsirli ola bilər.
Mənfi düşüncələri sorğulamaq da vacibdir. “Həqiqətən depressiyaya düşmüşəm, yoxsa bu, keçici hissdir?” kimi suallar insanın baxışını dəyişməsinə kömək edə bilər.
Müsbət düşüncə vərdişi də faydalıdır. Mənfi fikirlər ağla gəldikdə, üç müsbət şey tapmağa çalışmaq beynin daha pozitiv işləməsinə səbəb ola bilər.
Günün sonunda ən azı üç yaxşı hadisəni xatırlamaq da əhvalın yaxşılaşmasına kömək edir. Həyatda rast gəlinən çətinliklərə baxmayaraq, hər gün kiçik də olsa müsbət məqamlar tapmaq mümkündür.
Nəhayət, məyusluqları etiraf etmək və onların öhdəsindən gəlməyi öyrənmək psixi sağlamlığın qorunmasına dəstək ola bilər.
Tərcümə: Könül Oruc