Tibbi xəbərlər
Ortodont həkimi malokluziyanı (dişləmə pozğunluğu) necə tanımağı
Tibbi xəbərlər
168

Ortodont həkimi malokluziyanı (dişləmə pozğunluğu) necə tanımağı izah edir

Normal dişləmədə yuxarı dişlər alt dişləri təxminən üçdə bir nisbətində örtməlidir, diş sıraları arasında boşluq olmamalıdır və alt çənənin ortası üzün mərkəzi xətti ilə üst-üstə düşməlidir.

E-saglam.az xəbər verir ki, ortodont həkimi və “Eurokappa Akademiyası”nın təlimçisi İrina Butorinanın sözlərinə görə, bu sxemdən hər hansı bir sapma müşahidə edilərsə, ortodont müayinəsi üçün müraciət edilməlidir.

Bir çox insan malokluziya (dişləmə pozğunluğu) ilə yaşadığının fərqində deyil. Bu pozğunluq vaxt keçdikcə mina (dişin xarici qatı) yeyilməsinə, çənə oynağında ağrılara, baş ağrılarına, çeynəmə çətinliklərinə və hətta bədən duruşunda problemlərə səbəb ola bilər.

Malokluziyanın ən nəzərə çarpan əlamətlərindən biri açıq dişləmədir – yəni üst və alt dişlər arasında boşluq qalır, xüsusilə ön dişlərdə. Bu, qidanın normal şəkildə çeynənməsinə mane olur və tez-tez ağızdan nəfəs almaq, yuxu pozğunluğu ilə müşayiət olunur.

Proqnetik dişləmə zamanı alt çənə irəli çıxmış olur və üst çənəni ötür. Ağır hallarda bu vəziyyət cərrahi müdaxilə tələb edə bilər, lakin orta dərəcəli hallarda ortodontik breketlər və ya şəffaf düzləşdiricilərlə müalicə mümkündür.

Distal dişləmə isə əksinə, alt çənənin geriyə doğru çəkilməsi ilə xarakterizə olunur. Bu, yalnız üz cizgilərində dəyişiklik yaratmaqla kifayətlənmir, həm də çənə oynaqlarına əlavə yük salır, “ikili çənə” və üzün aşağı hissəsinin sallanması kimi estetik problemlərə yol açır. Müalicə nəticəsində “gənclik bucağı” deyilən üz konturu bərpa olunur.

Dərin dişləmə xaricdən görünməyə bilər, xüsusilə də dişlər düz yerləşibsə. Lakin bu zaman yuxarı dişlər alt dişləri tamamilə örtür, bu isə çeynəmə yükünün müəyyən nöqtələrə düşməsinə və nəticədə dişlərin tez dağılmasına səbəb olur.

Çarpaz dişləmə (crossbite) özünü əsasən üz simmetriyasında pozulma ilə göstərir: bir tərəfdə dişlər bayıra çıxır, digər tərəfdə isə içəriyə meyllənir. Bu uyğunsuzluq çənə əzələlərinin işini pozur və üz simasını dəyişdirir.

Dişlərin sıx yerləşməsi də çox rast gəlinən bir problemdir. Bu zaman dişlərin ağızda yerləşməsi üçün kifayət qədər yer olmur və onlar bir-birinə sıx dayanır. Bu, təkcə estetik məsələ deyil – belə yerlərdə diş daşları və çürük daha tez yaranır, çünki təmizləmək çətin olur.

Sıx dişlər ortodontiyada ən tez həll olunan problemlərdən hesab olunur. Əgər əlavə pozğunluqlar yoxdursa, düzəldilməsi bir neçə ay çəkə bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun