
İngilis dilində FOMO (Fear of Missing Out) adlanan və son zamanlar olduqca aktual olan “həyatda baş verən hadisələri qaçırma qorxusu” əksər insanlarda özünü göstərməkdədir. Daha çox insanın şüuraltı manipuliyasiyaları ilə bağlı olan bu psixoloji xəstələyin başlıca səbəbi isə bəzi sosial şəbəkələrdir.

E-saglam.az xəbər verir ki, Yenisabah.az FOMO xəstəliyinin meydana gəlməsi və ondan xilas olmağın yollarını araşdırıb. Özünü daha çox yeniyetmə və gənclik dövrlərində büruzə verən bu xəstəliyin kökündə özünə inamın zəif olması və fərdin şəxsiyyəti ilə barışıq olmaması dayanır. Psixoloqlara görə, xəstəliyin formalaşmasına sosial şəbəkələrin rolu danılmazdır. İnsanlar günün müəyyən vaxtlarını “İnstagram”, “TikTok”da keçirir və izlədiyi profillərin paylaşımlarını görür. Daha çox səyahətlər, kafe, restoran və bu kimi məkanlardan foto və videolar dərc edən profillər insanların gözündə lüks həyatı tərənnüm edir. Tədricən şəxsin şüuraltında bütün insanların ondan daha çox əyləndiyi və onun həyatı qaçırdığı fikri formalaşır. Əslində isə görünən heç də belə deyil. Nəzərə almaq lazımdır ki, “İnstagram” və digər platformalarda dərc olunan kontentlər əksəriyyəti günlük rutini əks etdirmir. Gündəlik səyahət edən və vaxtını kafe-restoran kimi yerlərdə keçirən insanlarla müqayisə isə ümumiyyətlə yersizdir. Çünki içərisində olduğumuz maddi resurslar və imkanlar qətiyyən eyni deyil.
İlk öncə nəzərə almaq lazımdır ki, insanların əyləncə və şəxsi zövqləri eyni deyil. Hər bir fərdin həyata baxışı fərqli olduğu kimi, fəaliyyətləri, hobbiləri və hətta qorxuları belə fərqlidir. Buna görə də özümüzü sosial şəbəkələrdəki “mükəmməl insanlar”la müqayisə etmək yersizdir. Sadə bir misal: Ömür boyu 190 ölkə gəzmiş bir şəxs 191-ci ölkəni görməməyin kompleksini yaşaya bilər. Yaxud əksinə, gününün böyük bir hissəsi tıxacda keçən biri kitab oxumaq və ya film izləməklə, hətta avtomobildəki tanımadığı adamla ünsiyyət qurmaqla həmin anı əyləncəli keçirə bilər. Bütün bunların hamısı fərdin psixologiyasının mərkəzində dayanan özünə güvənlə əlaqədardır. Özünə güvəni isə fərdin özü ilə üzləşməsi və bütün şəxsi keyfiyyətləri ilə barışması təmin edə bilər.
Digər bir nüans isə insanların həyatı bir növ saniyəölçən formasında görməsidir. Belə şəxslər adətən həmişə nəyi isə qaçırdığını düşünür və depressiyaya düşür. Bu özünü daha çox sosial və mental təzyiqlərin intensiv müşahidə olunduğu Şərq cəmiyyətlərində göstərməkdədir. İnsan nəzərə almalıdır ki, istənilən yaş dövründə arzuladığı bir çox şeyi edə bilər. Məsələn, 30 yaşında ali təhsil almaq, 40 yaşında ailə həyatı qurmaq yaxud 20 yaşında bir çox uğursuzluq qazanmaq sizi qorxutmamalıdır. Əmin olun ki, milyardlarla insanın yaşadığı dünyada dəniz sahilindəki qum dənəciyi kimi görünürük. Ali təhsil almayan, avtomobil sahibi olmayan və ya illərdir kirayə evdə qalan tək siz deyilsiniz. Eləcə də bu kimi məsələləri “faciəyə” çevirməklə sadalanan şeylərə sahib olmursunuz.
Son olaraq, bir supermarketə bənzəyən və aldıqlarımızın heç birini özümüzlə apara bilməyəcəyimiz bu dünyada bədbin olmaq, depressiyaya düşmək yerinə sadəcə olaraq yaşamağın, əylənməyin yollarını kəşf etmək lazımdır.