
Günün istənilən saatında ləzzətlə istehlak edilən qəhvə təkcə enerji vermir, həm də bağırsaq sağlamlığı üçün bir sıra faydalar təqdim edir. Tədqiqatlar göstərir ki, qəhvə bağırsaq mikrobiomunu dəstəkləyən və antioksidant təsir göstərən maddələrlə zəngindir.

E-saglam.az xəbər verir ki, Nature Microbiology jurnalında yayımlanan araşdırmaya görə, qəhvə istehlakı bağırsaqda faydalı bakteriya olan Lawsonibacter asaccharolyticusun artması ilə əlaqələndirilir. Həm kofeinli, həm də kofeinsiz qəhvə bu bakteriyanın çoxalmasına səbəb ola bilir. Bu bakteriya quinik turşusu adlı maddə vasitəsilə oksidləşdirici stressi və iltihabı azaldır.
Qəhvədə bol olan polifenollar, xüsusilə xlorogen turşusu, bağırsaq bakteriyaları tərəfindən parçalanaraq güclü antioksidant təsir göstərən birləşmələrə çevrilir. Bu proses bəzi xərçəng növlərinə qarşı qoruyucu təsir də göstərə bilər.
Nə üçün qəhvə tualet ehtiyacını artırır?
Qəhvənin bağırsaq hərəkətlərini sürətləndirdiyi müşahidə olunur və bu təsir yalnız kofeinlə bağlı deyil. Kofeinsiz qəhvədə də bu xüsusiyyət var. Mütəxəssislər bunun qəhvənin tərkibindəki polifenollar və quinik turşu ilə əlaqədar ola biləcəyini bildirirlər.
Hansı miqdarda içilməlidir?
Sağlam yetkin bir insan üçün gündə 3–4 fincan filtr qəhvə (təxminən 300–400 mq kofein) ümumiyyətlə təhlükəsiz sayılır. Lakin artıq miqdarda kofein narahatlıq, ürək döyüntüsü və baş ağrısı kimi təsirlərə səbəb ola bilər.
Alternativlər varmı?
Qəhvə dadını sevməyənlər və ya kofeindən uzaq durmaq istəyənlər üçün də seçimlər var. Qida mütəxəssisi Dr. Diana Roopchand bildirir ki, xlorogen turşusu çay, brokoli, bamya, balqabaq və badımcanda da mövcuddur. Bu qidalar da qəhvə kimi antioksidant faydalar təmin edə bilər.
Unutmayın: Qəhvə faydalı olsa da, bağırsaq sağlamlığını qorumaq üçün tək vasitə deyil. Fermentləşdirilmiş və liflə zəngin qidalar da mikrobiomun balansında mühüm rol oynayır.
Tərcümə: Könül Oruc