Diş sağlamlığı yalnız gözəl bir təbəssüm üçün deyil, həm də ümumi sağlamlıq üçün vacibdir. Sağlam dişlər həyat keyfiyyətini artırır və müxtəlif xəstəliklərin qarşısını alır. Diş itkisinin və diş əti xəstəliklərinin qarşısını almaq üçün müntəzəm və düzgün qulluq vacibdir.
E-saglam.az xəbər verir ki, periodontologiya mütəxəssisi Dr. Dt. Şeyda Alkan Eren diş sağlamlığı ilə bağlı yanlış təsəvvürlərə aydınlıq gətirib. Onun sözlərinə görə, "dişlərdə problem yoxdursa, diş həkiminə getməyə ehtiyac yoxdur" düşüncəsi səhvdir. Diş problemləri çox vaxt əlamətsiz inkişaf edir. Çürük, diş əti xəstəlikləri və mina aşınması gizli şəkildə irəliləyə bilər. Bu səbəbdən ildə ən az iki dəfə diş həkiminə baş çəkmək tövsiyə olunur.
Dişləri möhkəm fırçalamaq onların daha təmiz və ağ olmasını təmin etmir. Əksinə, bu vərdiş diş minasına zərər verərək, onun aşınmasına və matlaşmasına səbəb ola bilər. Əgər minanın altındakı dentin təbəqəsi açıq qalarsa, dişlər daha sarı görünə bilər. Orta sərtlikdə bir fırçadan istifadə etmək və dişləri sıxmadan, ən azı iki dəqiqə fırçalamaq daha faydalıdır.
Diş daşının müntəzəm təmizlənməsinin diş ətinə zərər verdiyi iddiası yanlışdır. Bu prosedur xüsusi ultrasəs cihazları ilə həyata keçirilir və diş minasına zərər vermir. Dişləri təkcə fırçalamaq isə kifayət etmir. Diş ipi, diş arası fırçalar və ağız qarqaraları da ağız gigiyenasının vacib hissəsidir.
Diş əti qanadığında fırçalamağı dayandırmaq doğru deyil. Çünki bu, adətən lövhə yığılması və iltihab səbəbindən baş verir. Müntəzəm və düzgün fırçalama diş əti sağlamlığını qorumağa kömək edir.
Çörək sodasından istifadə edərək dişləri ağartmaq fikri də yanlışdır. Çörək soda aşındırıcı maddə olduğu üçün uzunmüddətli istifadəsi diş minasına zərər verə bilər. Bu, dişlərin daha sarı və solğun görünməsinə səbəb ola bilər. Peşəkar diş ağartma prosedurları isə təhlükəsizdir və effektiv nəticə verir.
Diş ağrısı zamanı aspirin, odekolon və ya spirt tərkibli maddələrdən istifadə etmək çürüməni daha da sürətləndirə bilər. Ortodontik müalicənin çürük əmələ gətirdiyinə dair inanış da yanlışdır. Düzgün ağız gigiyenası qorunduqda çürük riski artmır.
Hamiləlik dövründə diş müalicəsi edilə bilər. Ən uyğun dövr hamiləliyin ikinci trimestridir. Lakin hər hansı müalicədən əvvəl mütləq ginekoloqla məsləhətləşmək lazımdır.
Tərcümə: Könül Oruc