Martda qönçələyən, apreldə yeyilən, mayda çiçəkləyən mərəçüyüd
Martda qönçələyən, apreldə yeyilən, mayda çiçəkləyən mərəçüyüd

Özünəməxsus dada malik və vitaminli qida kimi istifadə edilən, təbii olaraq bitən bitkilərə xüsusən yazda maraq artır. Yazın əvvəlində, xüsusilə apreldə və tez-tez yağışlar yağanda çöllərdə, daha çox yamaclarda, xüsusilə qaratikan kollarının ətrafında nazik yaşıl zoğları olan mərəçüyüd təbii halda bitir. Adətən martda qönçələməyə başlayır, mayda çiçəkləyir. Apreldə onun tər, yumşaq və cavan zoğları toplanılaraq çiy halda yeyilir. Vegetasiya başlayandan 10-15 gün sonra zoğları inkişaf edir. Həmin dövrdə onun tər, yumşaq və cavan zoğları toplanılaraq çiy halda yeyilir.

E-saglam.az  tibbi mənbələrə istinadla xəbər verir ki, mərəçüyüd az yayılmış, qiymətli və çoxillik bitkidir. Zülalla ən çox zəngin olan tərəvəzlərdən sayılır. Mərəçüyüd el arasında daha çox qulançar kimi tanınsa da, elmi təbabətdə mərəçüyüd adlanır. Zülalla ən çox zəngin olan tərəvəzlərdən biridir.

Onun zahirən qanqalı xatırladan cavan zoğları çox vitaminli və xeyirlidir. Mərəçüyüdü həm də bişirib yeyirlər. Budaqları duzlu suda pörtlədilir, azca sıxılaraq duzu çıxarılır və yağ-soğanla, bəzən yumurta ilə qovurulur və ya qızardılır. Yaxud da buxarda və digər üsullarla da bişirilə bilər. Qidalılığına və dadına görə çox qiymətlidir. Onu həzm sistemindəki faydalı bakteriyaların sayını artıran prebiotik hesab etmək olar.

Tərəvəzin qida rasionuna daxil edilməsi çox xeyirlidir. Kulinariyada mərəçüyüddən salat və şorba da hazırlanır. O həzm sistemini tənzimləməyə kömək edir və xora kimi mədə-bağırsaq xəstəliklərinə çox faydalı təsir göstərir. Maraqlıdır ki, mərəçüyüd müxtəlif üsullarla bişirilməsi prosesində də faydalı xüsusiyyətlərini itirmir.

Mərəçüyüdün faydalı cəhətləri həmişə təbiblərin diqqət mərkəzində olub. Təkcə Şərqdə deyil, Avropa ölkələrində də bu bitkidən geniş istifadə olunur. Kulinariyada mərəçüyüd salatı və şorbası geniş yayılıb. Təbabətdə isə vərəm, böyrək, şəkər və ürək-damar xəstəliklərində müxtəlif reseptlər əsasında müalicəvi dərmanlar hazırlanaraq qəbul edilir. Sidikqovucu təsir göstərir, toxumunun balla qarışığı sonsuzluğa qarşı ən yaxşı vasitələrdən biri hesab olunur. Xüsusən hamiləlik dövründə qan hüceyrələrinin əmələ gəlməsində mühüm rol oynayan fol turşusu ilə zəngindir və həmin turşu dölün inkişafı üçün çox vacibdir.

Mərəçüyüdün tərkibində göz, dəri və immun sistemini müdafiə edən A vitamini, eləcə də kapilyarları möhkəmləndirən və dəridə zülalın, kollagenin əmələ gəlməsində iştirak edən S vitamini var. Sümüklərin formalaşması və qanın laxtalanması üçün istifadə edilən K vitamininin əsas mənbələrindən biri hesab edilir. Onun qəbulu diabet riskini azaldır. Təbabətdə vərəm, böyrək, şəkər və ürək-damar xəstəliklərində müxtəlif reseptlər əsasında bu bitkidən müalicəvi dərmanlar hazırlanaraq qəbul edilir. / AZƏRTAC

E-saglam.az