
Kardiologiya Mütəxəssisi Prof. Dr. Onur Akpınar enerji içkilərinin ürək sağlamlığına mənfi təsir göstərdiyini bildirib. O, ritm pozğunluqlarının qəfil ürək dayanmasına və ölümə səbəb ola biləcəyini vurğulayıb. Xüsusilə imtahan dövründə uzun saatlarla dərs oxuyan gənclər, ağır fiziki məşqlə məşğul olanlar və uzun müddət masa arxasında çalışan şəxslər bu içkilərin yaratdığı risklərlə üzləşirlər.

E-saglam.az xəbər verir ki, Prof. Dr. Akpınar, ritm pozğunluqlarının gözlənilmədən baş verə biləcəyini və bunun həyati təhlükə daşıdığını qeyd edib. O bildirib ki, xüsusən idman zamanı və ya enerji içkiləri istehlak edildikdə bu vəziyyət daha çox ortaya çıxa bilər. Ürək xəstəliklərinin əsasən yaşlı insanlarda görüldüyünü desə də, yüksək təzyiq, şəkərli diabet və siqaret istifadəsinin bu riski artırdığını vurğulayıb. Bundan əlavə, ritm pozğunluqlarının aşkarlanmasının çətin olduğunu və müayinəsiz bu problemin müəyyən edilməsinin mümkünsüz olduğunu qeyd edib.
Oturaq həyat tərzi və qeyri-sağlam qidalanmanın damar tıxanıqlığı riskini artırdığını bildirən Prof. Dr. Akpınar, yeni texnologiyalar sayəsində bu problemin daha erkən mərhələdə müəyyən edilə bildiyini deyib. Virtual angioqrafiya vasitəsilə əvvəllər yalnız qaçış testi ilə aşkar edilə bilən problemlər indi daha tez təyin olunur.
Son illərdə infarkt riskinin yaş həddi aşağı düşüb və artıq 30 yaşdan etibarən ürək tutmaları müşahidə olunmağa başlayıb. Küçədə qəfil ürək dayanması ilə dünyasını dəyişən gənclərin əksəriyyətində damar tıxanıqlığından çox, ritm pozğunluğu olduğu bildirilir.
Prof. Dr. Akpınar idmanla məşğul olan və risk faktorlarına sahib insanların mütəmadi ürək müayinəsindən keçməli olduğunu qeyd edib. O, xüsusilə ailəsində ani ürək ölümü hadisəsi olan şəxslərin EKQ və exokardioqrafiya kimi müayinələrdən keçməsinin vacibliyini vurğulayıb.
Tərcümə: Könül Oruc