
Hamiləlik dövründə hipertoniya (yüksək qan təzyiqi) həm ana, həm də körpə üçün ciddi sağlamlıq riski yaradır.

E-saglam.az xəbər verir ki, bu vəziyyət dünyada hər 100 hamiləlikdən 4-5-də müşahidə olunur və ana ölümlərinin əsas səbəblərindən biri kimi tanınır. Mütəxəssislər bildirirlər ki, erkən diaqnoz və düzgün müalicə ilə bu ölümlərin 60 faizinin qarşısını almaq mümkündür.
Hipertoniya körpənin inkişafına mane ola bilər
Hamiləlik zamanı yüksək təzyiq uşaqlığa qan axınını azaldaraq körpənin inkişafını ləngidə və oksigen çatışmazlığına səbəb ola bilər. Bu da intrauterin inkişafın ləngiməsinə və vaxtından əvvəl doğuş riskinə gətirib çıxarır. Bəzi hallarda isə hipertansiyon plasentanın vaxtından əvvəl ayrılmasına səbəb olur ki, bu da ani körpə ölümü ilə nəticələnə bilər.
Anada həyati təhlükə yaradan fəsadlar
Ana üçün hipertoniya qaraciyər, böyrək və beyin kimi həyati orqanlara ciddi ziyan vura bilər. Hipertoniyaya bağlı olaraq qaraciyər və böyrək çatışmazlığı, ağciyər ödemi, güclü baş ağrıları, görmə pozuntuları və şüur dəyişiklikləri kimi əlamətlər müşahidə edilə bilər. Bu hallar bəzən ana ölümü ilə nəticələnə bilər.
Risk qrupundakı hamilələr diqqətli olmalıdır
35 yaşdan yuxarı hamilə qadınlar, daha əvvəl hipertansiyon keçirmiş şəxslər, piylənmə və şəkərli diabetdən əziyyət çəkənlər risk qrupuna daxildir. Oturaq həyat tərzi, çoxlu hamiləlik və xroniki hipertansiyon da risk amilləri sırasındadır.
Vaxtında müdaxilə həyat qurtarır
Medicana Konya Xəstəxanasının Qadın Xəstəlikləri və Doğum üzrə mütəxəssisi Op. Dr. Tuğba Sekmenli Tursun bildirir ki, bu cür ağırlaşmalar dünyada ana ölümlərinin başlıca səbəblərindəndir. Onun sözlərinə görə, erkən diaqnoz və düzgün müalicə ilə bu risklərin qarşısı alınaraq həm ana, həm də körpənin həyatı qoruna bilər.
Nə etməli?
Mütəxəssislər hamilə qadınlara mütəmadi tibbi müayinələrdən keçməyi və qan təzyiqlərini daim izləməyi tövsiyə edirlər. Xüsusilə yüksək riskli hamilələrə 12-ci həftədən sonra aşağı dozalı aspirin təyin oluna bilər. Hamiləlikdən əvvəl artıq çəki, şəkərli diabet və hipertoniya kimi problemlərin nəzarət altına alınması da riskin azaldılmasında mühüm rol oynayır.
Qan təzyiqi 160/110 mmHg səviyyəsinə çatarsa, mütləq xəstəxana nəzarəti tələb olunur. Həmçinin baş ağrısı, qarın ağrısı, üz və əllərdə ödem, ani çəki artımı, 140/90 mmHg və yuxarı təzyiq dəyərləri müşahidə edilərsə, həkimə müraciət etmək vacibdir.
Hamiləlikdə hipertoniya ciddi təhlükə yaratsa da, düzgün yanaşma və diqqətli nəzarət ilə bu riski minimuma endirmək mümkündür.
Tərcümə: Könül Oruc