Tibbi xəbərlər
Qaraciyər üçün faydalı ədviyyat:
Tibbi xəbərlər
158

Qaraciyər üçün faydalı ədviyyat: effektivliyi sübut olundu

Zərdəçalın tərkibindəki curcumin maddəsi sayəsində bu ədviyyat bir sıra sağlamlıq faydaları ilə seçilir. Terapevt həkimlər zərdəçalın xüsusilə qaraciyər üçün faydalı olduğunu bildirirlər.

E-saglam.az xəbər verir ki, həkim İrina Nikulina "Gazeta.Ru"ya verdiyi açıqlamada bu ədviyyatın çoxşaxəli təsirindən bəhs edib.

Mütəxəssisin sözlərinə görə, curcumin immunstimulyasiyaedici, iltihab əleyhinə, antiseptik, antioksidant, ağrıkəsici, neyroprotektiv və hətta xərçəng əleyhinə təsirə malikdir. Bu maddə qaraciyər, oynaq problemləri, həmçinin qadın reproduktiv sistemi ilə bağlı bir sıra xəstəliklərdə effektiv nəticə göstərmişdir.

Zərdəçal necə istifadə olunmalıdır?

Həkim zərdəçalın təsirini artırmaq üçün onu yeməklərdə qara bibərlə birlikdə istifadə etməyi tövsiyə edir. Qara bibərin tərkibindəki piperin maddəsi curcuminin orqanizm tərəfindən mənimsənilməsini 2000 faizədək artırır. Bundan əlavə, zərdəçalı yağlı qidalarla birlikdə qəbul etmək onun daha yaxşı udulmasına kömək edir.

Nikulina qeyd edib ki, gündəlik tövsiyə edilən maksimum zərdəçal dozası 12 qram təşkil edir.

Kimlər ehtiyatlı olmalıdır?

Zərdəçal hər kəs üçün uyğun deyil. Həkim xəbərdarlıq edir ki, aşağı təzyiqi olan, mədə-bağırsaq pozğunluqları yaşayan və xüsusilə xolesistit və öd daşı xəstəliyi olan şəxslər zərdəçalı acqarına qəbul etməməlidirlər. Curcumin öd ifrazını artırdığı üçün bu xəstəliklərin kəskinləşməsinə səbəb ola bilər.

Bundan əlavə, zərdəçal qanı durulaşdırıcı təsirə malikdir, buna görə də laxtalanma problemi olan və ya antikoaqulyant (qan durulaşdırıcı) dərmanlar qəbul edən şəxslər üçün risk yarada bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun