Yandex watch
Gənələr nə vaxt aktivləşir, dişlədikdə nə etməli və

İsti hava şəraitinə görə bu il təhlükəli mövsüm daha erkən başlaya bilər.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, epidemioloq Oleq Meleşenko bildirir ki, ixodid gənələri insanlara müxtəlif yoluxucu xəstəliklərin patogenlərini ötürə bilən ektoparazitlərdir. Onların artan sayı isə xəstəlik riskini yüksəldir.

Gənələrin aktiv dövrü apreldən oktyabra qədər davam edir. Ümumiyyətlə isə, gənələr il boyu aktiv ola bilər, xüsusən yaz-yay və payız aylarında. Onların fəaliyyəti üçün optimal temperatur +15°C - +25°C aralığında olur və yüksək rütubət şəraitində daha fəal olurlar.

Gənələr qışdan sonra yazda aktivləşir və qida üçün heyvanlar və insanları axtarmağa başlayırlar. Payızda isə qışlamadan öncə enerji toplamaq üçün yenidən aktivləşirlər.

Gənə dişləmələrinin təhlükəsi nələrdir?

Gənə dişləmələri təkcə yerli iltihab və allergik reaksiyalar yaratmır, həm də ciddi yoluxucu xəstəliklərə səbəb ola bilər:

Lyme xəstəliyi – dəri, sinir sistemi, ürək və oynaq problemləri yarada bilər.
Gənə ensefaliti – sinir sisteminə ciddi təsir edir və ağır nevroloji fəsadlara səbəb ola bilər.
Anaplazmoz, erlixioz, tulyaremiya və gənə ilə təkrarlanan qızdırma kimi digər xəstəliklər də mümkündür.

Gənənin tüpürcəyində anestezik maddələr olduğu üçün çox vaxt dişləməni hiss etmək mümkün olmur. Əsas simptomlar dişləmə yerində qızartı, şişlik və qaşıntı ola bilər.

Gənələrdən necə qorunmaq olar?

  1. Açıq rəngli, uzunqollu və dar geyimlər geyinin. Şalvarın ətəklərini corab və ya çəkmələrin içinə yerləşdirin.

  2. Başınızı qorumaq üçün şapka taxın.

  3. Geyim və bədənə xüsusi kovucular (DEET və ya permetrin tərkibli) tətbiq edin.

  4. Gəzinti zamanı hər 1-2 saatdan bir bədən və paltarınızı yoxlayın.

  5. Evdə və həyətinizdə gənə əleyhinə tədbirlər görün.

Gənə dişləsə nə etməli?

- Gənəni ehtiyatla çıxarın. Cımbızla dərinin mümkün qədər yaxınından tutub, yavaşca, öz oxu ətrafında fırladaraq çıxarın.

- Dişləmə yerini antiseptiklə (spirt, yod) dezinfeksiya edin.

- Gənəni analiz üçün saxlamaq istəyirsinizsə, onu hava keçirməyən qabda saxlayın və laboratoriyaya aparın.

- Qızdırma, baş ağrısı və ya dəri reaksiyaları yaranarsa, həkimə müraciət edin.

2025-ci ilin gənə mövsümü proqnozu

Mütəxəssislərin proqnozuna görə, bu il isti qış və erkən yaz səbəbindən gənələr daha tez aktivləşəcək. İlk təhlükəli dövr ilk otlar cücərən kimi başlayacaq. Yaz-yay aylarında yağış çox olarsa, gənələrin sayı daha da arta bilər. Güclü küləklər isə onların fəaliyyətini azalda bilər.

Ehtiyatlı olun və özünüzü qorumaq üçün qabaqlayıcı tədbirlər görün!

Tərcümə: Könül Oruc

E-saglam.az