
Miqren bütün dünyada milyonlarla insanı təsir edən və yalnız baş ağrılarına deyil, həm də həyat keyfiyyətinə mənfi təsir göstərən bir xəstəlikdir. Miqrenin səbəbləri, simptomları və müalicə üsulları haqqında ətraflı məlumat vermək vacibdir.

E-saglam.az xəbər verir ki, miqren, beynin damarlarında kimyəvi dəyişikliklər nəticəsində baş verən və adətən başın bir tərəfində hiss edilən güclü ağrılarla müşayiət olunan nevroloji xəstəlikdir. Bu hücumlar ildə bir neçə dəfə və ya ayda bir neçə dəfə təkrarlana bilər. Ağrılar adətən işığa və səsə həssaslıqla müşayiət olunur.
Miqren növləri arasında aurasız miqren, auralı miqren, xroniki miqren və ehtimal edilən miqren var. Aurasız miqren ən geniş yayılmış formadır və 4-72 saat davam edə bilər. Auralı miqren zamanı görmə və hissiyat pozuntuları baş verə bilər. Xroniki miqren isə ayda 15 gündən çox baş ağrısı yaşayan insanlara diaqnoz qoyulur.
Miqrenin yaranma səbəbləri genetik və ətraf mühit amilləri ilə əlaqəlidir. Ailə tarixi, hormon dəyişiklikləri, stress, qeyri-kafi yuxu və bəzi qida məhsulları miqrenin yaranmasına təsir edə bilər.
Miqrenin əsas simptomlarına başın bir tərəfində döyüntülü ağrı, görmə pozğunluqları, yorğunluq, zəiflik, diqqət pozğunluğu və boyun nahiyəsində gərginlik daxildir.
Miqreni tətikləyən faktorlar arasında pendir, şokolad, spirtli içkilər, kofeinin qəfil kəsilməsi, fiziki gərginlik, stress və iqlim dəyişiklikləri var.
Miqrenin müalicəsi simptomları yüngülləşdirmək və tutmaların tezliyini azaltmaq məqsədi daşıyır. Kəskin müalicə zamanı ağrıkəsicilər və miqrenə xas dərmanlar istifadə edilə bilər. Qoruyucu müalicə isə təzyiq dərmanları, depressiya əleyhinə dərmanlar və botulinum toksini inyeksiyalarını əhatə edə bilər.
Həyat tərzi dəyişiklikləri də miqrenin idarə olunmasında əhəmiyyətlidir. Müntəzəm yuxu, fiziki aktivlik, düzgün qidalanma, stressin idarə olunması və tətikləyici faktorlardan uzaq durmaq miqrenin tezliyini azalda bilər.
Miqren müalicəsi fərdi yanaşma tələb edir və həkim nəzarətində aparılmalıdır.
Tərcümə: Könül Oruc