Maraqlıdır, bəs görəsən ataların doğuş prosesində iştirakı nə dərəcədə vacibdir? Azərbaycanlı atalar buna nə dərəcədə maraqlıdırlar və bunun doğuş prosesinə hansı müsbət tərəfləri var?
Mövzu ilə bağlı E-saglam.az-a “Narınc” Psixologiya Mərkəninin baş məsləhətçisi və baş psixoloqu Aydan Nəzərova bildirir ki, bizim ölkəmizdə kişilərin doğuş zamanı iştirak etməsi birmənalı qarşılanmır. Əslində isə, kişilərin doğuşda iştirak etməsi normal bir haldır:
“Çünki doğuş sancısını qadın çəkir, uşağı dünyaya gətirir, daha sonra onun mənəvi əziyyətini çəkir. Doğuş zamanı kişi bu prosesdə iştirak etsin ki, ən azından qadınının necə əziyyət çəkdiyini görsün. Bu baxımdan kişilərin iştirak etməsini məqsədəuyğun hesab edirəm. Düzdür, bizim bəzi mentalitet qaydalarımız var ki, kişi doğuş prosesinə girməməlidir, görməməlidir və s. Amma artıq onun həyat yoldaşıdır və doğuş prosesinə niyə də girməməlidir axı? Əslində kişinin doğuş zamanı işitrak etməsi yaxşıdır, çünki qadın güvəndiyi bir insanı yanında görür və bu çətin, ağrılı proses onun üçün daha rahat keçir”.
Psixoloq deyir ki, lakin bəzi kişilərimiz doğuşda iştirak etməyi özləri istəmirlər, buna səbəb isə mentalitet qaydalarıdır: “Amma Avropanın bir çox ölkələrində kişilər bu prosesdə daha yaxından iştirak edirlər. Bu da təbii ki Avropda pis qarşılanmır, lakin bizdə hələ ki özünü tapmayıbdır”.
Psixoloq vurğulayır ki, qadın həyat yoldaşının onun yanında olduğunu nə qədər duyarsa, hiss edərsə daha da güclü və motivasiyası yüksək olacaq:
“Həmçinin övlad ata ilə ananın birgə məhsuludur, evliliyin meyvəsidir. Ona görə də ikisinin də iştirak etməsi daha yaxşıdır”.
A.Nəzərova sözlərinə görə, bəzi atalar var ki, ailəyə çox yaxşı baxırlar, maddi cəhətdən hər şeylə təmin edirlər, heç bir əskiklikliyi olmur. Amma uşaqda ata sevgisinin əskikliyi olur:
“Bu da o deməkdir ki, atalar uşağa baxmaq, tərbiyələndirmək, qayğı göstərmək, böyütmək və s. yüklərin ananın üzərində olduğunu düşünürlər. Ancaq öz üzərlərinə düşən yükün maddi cəhətdən olduğunu fikirləşirlər. Düzdür, həyatda maddiyyat çox önəmlidir. Lakin bundan əlavə uşaqlara mənəvi dəstək də olmaq lazımdır ki, övlad sabahı gün atalıq, analıq duyğularının nə olduğunu anlaya bilsin. Ona görə də uşağın ilk dünyaya gəldiyi andan, ta ki böyüyüb öz ailəsinin başçısı olduğu zamana qədər ataların da analar qədər vəzifə və məsuliyyətinin olduğunu düşünürəm”.
Sağlam Cəmiyyət İB-nin sədri, jurnalist-sosioloq Lalə Mehralı deyir ki, bu dünyada çox geniş yayılmış və doğuşda effektiv olduğu düşünülən bir üsuldur. Çünki qadın doğuşa öz həyat yoldaşı ilə birgə daxil olursa özünü daha güvəndə, güclü hiss edir:
“Ona görə, həkimlər adətən kişilərə məsləhət görür ki, həyat yoldaşınıza dəstək olmaq üçün doğuşa girə bilərsiniz. Amma bizim ölkəmizdə buna dırnaqarası baxırlar. Özəl klinikalarda həkimlər bunu qadağan etmir, amma nədənsə kişilər özləri buna maraqlı və meyilli deyillər. Hesab edirəm ki, kişilərin doğuşa girmək istəməməsinin müxtəlif səbəbləri ola bilər. Kişilər bəzən göründüyü qədər güclü olmaya bilirlər. Biz onları güclü cins kimi tanıyırıq, amma bəzən kişi ürəyi, kişi iradəsi qadın qədər dözümlü olmur. Qadın Allahın ona bəxş etdiyi bir prosesi yaşayacağını bildiyi üçün buna əvvəlcədən hazırlaşır. Dünyaya uşaq gətirəndə bütün məsuliyyətin öz üzərində olduğunu dərk edir və buna bütün gücü ilə hazırlaşır. Amma kişilərdə bu məsələ bir az fərqlidir. Yəni kişinin iradəsi bəzən xanımını o vəziyyətdə görməyə hazır olmur”.
İctimai təşkilat olaraq bir neçə il əvvəl sosial şəbəkədə bu barədə sorğu keçirdiklərini nəzərə çatdıran sosioloq deyir ki, birinci sual qoyublar ki, “Xanımınız sizdən doğuşda iştirak etməyinizi istəsə münasibətiniz necə olardı?”. Deyir ki, bəylərin əksəriyyəti, təxminən 80 faizi “Doğuşa girə bilmərəm” - deyə fikir bildiriblər:
“Buna özlərini hazır hiss etmədiklərini, utandıqlarını, qohum-əqrəba stiqmasına tuş gələ biləcəklərini düşünmüşdülər. Əksəriyyət kənar təsirlərə görə girmək istəmədiyini yazmışdı, bəlkə də doğuş otağına girmək, xanımlarına dəstək olmaq ürəklərindən keçirdi. Digər sorğumuz isə, xanımlara ünvanlanmışdı ki, “Bəyinizin sizinlə doğuş otağına girməsini istəyərdinizmi?”. Demək olar ki, xanımların əksəriyyəti “yox” cavabını vermişdi. Və çox maraqlı fikirlər bildirmişdilər. Biz də həmin xanımlardan nəyə görə istəmədiklərinin səbəbini soruşduq. Yazmışdılar ki, həyat yoldaşımın məni o vəziyyətdə görməsini istəmərəm. Bəzi qadınlar estetik cəhətdən xoşagəlməz olduğuna görə yoldaşlarının onları doğuş prosesi zamanı görmələrini arzulamırlar. Amma Buna baxmayaraq istəyən xanımlar da var idi. Deyirdirlər ki, kişilərin iştirak etməsi yaxşıdır, qoy görsünlər ki, biz uşaq dünyaya gətirmək üçün hansı ağrılara, çətinliklərə dözürük”.
Doğum evində olarkən maraqlı bir hadisə ilə rastlaşan müsahibimiz bunu bizimlə bölüşdü:
“Doğum evlərinin birində azərbaycanlı ilə ailə həyatı quran rus xanım həkimdən xahiş etdi ki, doğuşa girəndə elə şərait yaradın ki, doğuş otağının pəncərəsi açıq olsun və həyat yoldaşım həyətdə dayanaraq səsimə qulaq asa bilsin. Həkim onun istədiyini etdi, həyat yoldaşına xəbər verdilər ki, filan pəncərənin qabağında durub qulaq assın. O xanımın doğuş prosesi 3-4 saat çəkdi, çox əziyyətli şəkildə təbii yolla övlad dünyaya gətirdi. Biz sonra ondan belə bir addım atmağının səbəbini soruşanda bildirdi ki, həyat yoldaşı onu çox incidirmiş, münasibətləri yaxşı deyilmiş. Deyir ki, mənim dünyaya uşaq gətirdiyim prosesi dinləməsini istədim və mənim onun üçün çəkdiyim əziyyəti hiss etsin, nələrə dözdüyümü görsün. Bundan sonra təxminən 4 gün ərzində o azərbaycanlı ərin hər gün rus həyat yoldaşına çiçək gətirdiyinin şahidi olduq. Hansı ki, rus qadını deyirdi ki, o mənə heç vaxt çiçək almırdı. Xanımının doğuş zamanı çəkdiyi ağırını, acını canlı olaraq dinləməsi effektiv oldu. Bu günə qədər ona yaşatdıqları üçün özünü günahkar saydı. Hətta doğuşdan sonra telefonda xanımına deyib ki, bu günə qədər sənə yaşatdığım həyat üçün üzr istəyirəm, bundan sonra hər şey fərqli olacaq. Yəni doğuşda xanımın çəkdiyi acını dinləməklə bu nəticəyə nail olundu”.
Sosioloq sonda onu bildirdi ki, ataların doğuş prosesində iştirakı məcburi deyil, istəyə bağlıdır:
“İstəyə bağlı və ödənişli olduğuna görə, çox kişilər bunu istəmir. Girənlər isə əsasən təbii yox, qeysəriyyə üsulu ilə olan doğuşlara girirlər”.
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası Mamalıq-ginekologiya şöbəsinin müdiri Turab Canbaxışov deyir ki, əgər xanımın razılığı olarsa, həyat yoldaşı doğuş prosesində iştirak edə bilər. Təbii doğuş zamanı həyat yoldaşının xanımının yanında durması daha məsləhətlidir:
“Çünki təbii doğuş prosesi uzun çəkir və həyat yoldaşının doğuş prosesini izləməsi xanıma müsbət təsir göstərir. Kişi psixoloji olaraq xanımına dəstək olur və onun qorxusunu, həyəcanını azaldır. Nəticədə bu müddət xanımlar üçün daha yüngül keçir. Bütün mənfi hisslər ikiqat azalır, ərlə arvad arasındakı bağ möhkəmlənir. Uşağı ana-ata birlikdə qarşılayır”.
Könül Oruc