
Pendir bir çox insanın gündəlik rasionunda yer alan, zülal və kalsium baxımından zəngin bir qida olsa da, bəzi növlərinin həddindən artıq istehlakı sağlamlıq üçün risk yarada bilər. Alimlər xəbərdarlıq edir ki, xüsusilə fermentləşdirilməmiş pendir və süd məhsulları 2-ci tip şəkərli diabet riskini artıra bilər.

E-saglam.az xəbər verir ki, 2-ci tip diabet bədəndə insulin istehsalının və ya istifadəsinin pozulması nəticəsində yaranır. Bu, yüksək qan şəkərinə, zamanla isə damarlar, böyrəklər, sinirlər və gözlər kimi orqanlarda ciddi zədələnmələrə səbəb ola bilər. Bu xəstəlik dünya üzrə sürətlə yayılır və piylənmənin artması ilə daha da geniş vüsət alır.
İsveçdə aparılan uzunmüddətli araşdırma çərçivəsində 26 mindən çox insanın pəhriz vərdişləri 24 il boyunca izlənilib. Nəticələr göstərib ki, fermentləşdirilməmiş süd və pendirin gündəlik 100 qram artıq istehlakı tip 2 diabet riskini müvafiq olaraq 4 və 3 faiz artırır. Əvəzində, qatıq, turş süd və kərə yağı kimi mayalanmış süd məhsullarının isə bu riski azalda biləcəyi müəyyən olunub.
Tədqiqatda pendir növləri arasında da fərqlər qeyd olunub. Fermentləşdirilmiş pendirlər – məsələn, çedar, Gouda və Parmezan – daha az risk daşıyır. Mozzarella, rikotta, qaymaqlı pendir və kəsmik kimi fermentasiya olunmamış pendirlər isə daha çox risklə əlaqələndirilib.
Maraqlı məqamlardan biri də odur ki, bu risk kişilərdə daha qabarıq şəkildə özünü göstərib, qadınlarda isə bu cür təsir müşahidə edilməyib. Bu da pəhrizlə bağlı fərdi yanaşmanın vacibliyini bir daha gündəmə gətirir.
Alimlər qeyd edir ki, süd və pendir tamamilə rasiondan çıxarılmamalıdır, çünki onlar böyümə, sümüklərin möhkəmliyi və immun sisteminin fəaliyyəti üçün əhəmiyyətlidir. Amma bu məhsulların miqdarına və növünə diqqət yetirilməli, balanslı və düşünülmüş şəkildə istehlak edilməlidir.
Tərcümə: Könül Oruc