VM Medical Park Gebze Xəstəxanası Ümumi Cərrahiyyə Mütəxəssisi Dos. Dr. Mehmet Saydam 2-ci tip diabet və onun müalicə üsulları ilə bağlı açıqlamalar verib.
E-saglam.az xəbər verir ki, o, 2-ci tip diabet xəstələrinin müalicəsində cərrahi variantların da yer aldığını vurğulayaraq bildirib ki, tibbi olaraq 2-ci tip diabet müalicəsinə cavab verməyən və kütlə indeksi 30-dan yuxarı olan xəstələr də metabolik əməliyyat keçirə bilərlər:
"Metabolik cərrahiyyənin əsas məqsədi nazik bağırsağın son hissəsinin daha aktiv istifadəsini təmin edən üsullarla insulin müqavimətinə qarşı mübarizə aparmaqdır".
2-ci tip diabetin səbəbləri və əlamətləri
2-ci tip diabet mədəaltı vəzinin insulini yetərincə istehsal edə bilməməsi və ya insulin müqaviməti nəticəsində yaranır. Əsas risk faktorları genetik meyl, piylənmə və fiziki hərəkətsizlikdir. Simptomlar arasında tez-tez sidiyə getmə, ağız quruluğu, aclıq hissi, dərinin quruması və yaraların gec sağalması var.
Diaqnostika
2-ci tip diabet diaqnozu üçün oruc qan qlükozası (FBG) və oral qlükoza tolerantlıq testi (OGTT) aparılır. 126 mq/dl və daha yüksək FBG dəyəri diabeti göstərir. OGTT-də 200 mq/dl və daha yuxarı nəticə 2-ci tip diabet diaqnozuna əsas verir.
Risk qrupundakılar
Şəkər xəstəliyi ailəsində olanlar, kök insanlar, iri körpə dünyaya gətirən qadınlar və stres altında yaşayan şəxslər risk altındadır.
Müalicə üsulları
2-ci tip diabet tam sağalmayan, lakin idarə oluna bilən bir xəstəlikdir. Müalicədə qidalanma vərdişlərinin dəyişdirilməsi, idman proqramları və dərman terapiyası yer alır. Qan şəkəri normal səviyyəyə düşməzsə, insulin müalicəsi tətbiq edilir.
Metabolik cərrahiyyə
Tibbi müalicəyə cavab verməyən və bədən kütlə indeksi 30-dan yüksək olan 2-ci tip diabet xəstələri metabolik əməliyyatdan yararlana bilərlər. Bu üsul nazik bağırsağın son hissəsinin daha aktiv istifadəsini təmin edərək insulin müqavimətini azaldır. Dünyada elmi əsaslarla qəbul edilən 15-17 müxtəlif metabolik cərrahiyyə üsulu mövcuddur.
Tərcümə: Könül Oruc