Mağazalardan aldığımız yumurtaların bəzilərinin üzərində müxtəlif kodlar görürük. Bu 4 fərqli istehsal kodları əslində toyuğun cinsi və yumurtanın keyfiyyəti ilə izah edilir. Yəni, aldığımız yumurtanın keyfiyyətli olub olmadığını bu rəqəmlərlə öyrənmək mümkündür.
Bəs onları necə ayırd etmək olar?
E-saglam.az xəbər verir ki, mövzu ilə bağlı sfera.az-a danışan Qida Hərəkatının rəhbəri Məhsəti Hüseynova bildirib ki, yumurta üzərindəki bu kodlar rəqəm və hərflərdən ibarətdir.
"Bizi maraqlandıran hissə kodun ilk rəqəmidir. Bu rəqəmlər 0, 1, 2 və 3 şəklində dəyişir. Yumurtanın üzərindəki kod 0 rəqəmi ilə başlayırsa, bu yumurta orqanik toyuq yumurtasıdır. Toyuğun yetişdirilməsində istifadə olunan yem orqanikdir. Məhz bu baxımdan marketlərdə bu yumurtalar baha satılır".
Mütəxəssis bildirib ki, yumurtanın üzərindəki kod 1 rəqəmi ilə başlayırsa, bu, fermalarda yetişən toyuqların yumurtası hesab edilir.
"Keyfiyyət baxımından da yüksək qiymətləndirilir. Kod 2 rəqəmi ilə başlayırsa, bu, hində böyüyən toyuğun yumurtasıdır. Əsasən, bazarlarda bu kodlu yumurtalarla rastlaşmaq mümkündür. Bu yumurtalar o qədər də keyfiyyətli hesab edilmir. Əgər kod 3 rəqəmi ilə başlayırsa, bu broyler toyuğun yumurtasıdır. Bu yumurtalar ən ucuz və keyfiyyətsiz yumurta növü hesab edilir".