Xroniki yuxusuzluğun fizioloji səbəbləri ola bilər.
E-saglam.az xarici mediaya əsasən xəbər verir ki, bu sözləri mütəxəssis Mayk Kocsis "HuffPost"- a danışarkən deyib.
Kocsis qeyd edib ki, yuxu pozğunluğu tez-tez 2-ci tip diabetli insanlar tərəfindən yaşanır. Onun fikrincə, bu, qanda şəkərin səviyyəsinin dalğalanması ilə bağlıdır: həddən artıq aşağı səviyyələr yorğunluq və yuxusuzluğa, yüksək səviyyə isə tualetə getmək üçün gecələr oyanmağa ehtiyac yaradır. Bundan əlavə, ekspert deyir ki, diabet aclıq və toxluq hormonlarının - qrelin və leptinin istehsalını pozur. Bu, xəstələrin o qədər güclü yemək istəyinə səbəb olur ki, onlar yata bilmirlər.
Mütəxəssis yuxusuzluğun başqa bir səbəbini baş ağrılarına, tənəffüs çətinliyinə və hətta gecə istirahətinə mane olan sinə ağrılarına səbəb olan yüksək qan təzyiqi ilə əlaqələndirib. Onun sözlərinə görə, qalxanabənzər vəzi həddindən artıq çox hormon istehsal edərsə, yuxu problemləri də yarana bilər: "Bu zaman insan narahatlıq, sürətli ürək döyüntüləri və bədən termorequlyasiyasının pozulması hiss edir".
“Daimi yuxusuzluqdan əziyyət çəkirsinizsə, melatonin səviyyəniz aşağı ola bilər. Melatonin bədənimizin daxili saatını və yuxumuzu tənzimləyən beyin tərəfindən istehsal olunan bir hormondur”, - Koçsis bildirib.
O, vurğulayıb ki, yaşlı insanlarda demans və stress səbəbindən yuxu hormonunun səviyyəsi azala bilər.
Mütəxəssis deyir ki, yuxu çətinliyi bəzən progesteron hormonunun çatışmazlığından da qaynaqlanır, O qeyd edib ki, bu hormon beynin və orqanizmin sakitləşməsinə və istirahətinə kömək etdiyi üçün yuxunun tənzimlənməsində mühüm rol oynayır.
Koçsis vurğulayıb ki, yuxusuzluğun dəqiq səbəbini yalnız həkim müvafiq analizlərdən sonra müəyyən edə bilər.
Tərcümə: Könül Oruc