Xəstəliklər
“Vaksin olunanlar virus daşıyıcısı olub başqalarını yoluxdura bilərlər” - İnfeksionist
Xəstəliklər
201

“Vaksin olunanlar virus daşıyıcısı olub başqalarını yoluxdura bilərlər” - İnfeksionist

Ötən gündən etibarən toyların keçirilməsi ilə bağlı yeni qaydalar tətbiq edilməyə başlayıb. Bu qaydalara əsasən, 150 nəfərə yaxın şəxsin toya buraxılmasına icazə veriləcək . Belə hesab edilirdi ki, Məhərrəmlik ayında toylar olmayacaq və yoluxma sayı azalacaq. Göründüyü kimi, son bir ayda yoluxma sayı daha da artdı. Eyni zamanda Daxili İşlər Nazirliyinin açıqladığı xəbərlərdən də göründü ki, Məhərrəmlik ayı olmasına baxmayaraq yenə də toylar keçirilib və qaydalara əməl etməyənlər cərimələnib.

Qeyd edək ki, DİN, Qida Təhlükəsizliyi Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublikanın digər ərazilərində toy şənliyinin monitorinqini aparırlar. Sonuncu belə monitorinq zamanı toy şənliklərində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə beş nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimələnib. COVID-19 pasportu olmadığına görə 53 nəfər toy şənliklərinə buraxılmayıb.

 

Bəs görəsən, yeni qaydalar tətbiq ediləndən sonra insanlar buna əməl edəcəkmi? Ediləcəksə, necə təşkil olunacaq? Ümumiyyətlə, insanların COVİD-lə bağlı təhlükəsizliyi məsələləri necə tənzimlənməlidir?

 

Yeri gəlmişkən, bəziləri iddia edir ki toylarda insanlara COVİD pasportu tələbi qoyulsa da, bəzi şadlıq evlərində bu tələbə əməl edilməyib...

 

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham Ismayıl “Yeni Müsavat”a bildirib ki, şadlıq evlərində fiziki təhlükəsizlik məsələləri yoxlanılır: “Bu məsələ Daxili İşlər Nazirliyinə həvalə olunub. Burada xüsusi xidmət orqanının işləməsinə ehtiyac yoxdur. Xüsusi xidmət orqanı yalnız bu məsələdə səhiyyə sistemi ilə bağlı olan hansısa problemlər varsa, onları əvvəlcədən üzə çıxarır və bu barədə dövlətə, müvafiq strukturlara informasiya təqdim edir. Bilirik ki, insanlar arasında maarifləndirmə işi aparmaq lazımdır, təkcə cərimələrlə bu məsələ həll olunmur. Bu baxımdan Səhiyyə Nazirliyinin üzərinə məsuliyyət düşür. Yenə də DİN təkcə fiziki təhlükəsizlik məsələlərini deyil, maarifləndirmə işi də apara bilər. Burada xüsusi təhlükəsizlik orqanlarının fəaliyyətinə ehtiyac yoxdur”.

 

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev “Yeni Müsavat”a yeni qaydalar barədə məlumat verib: “Şadlıq saraylarına 50 nəfərin daxil olması məsələsi artıq götürülüb. Eyni zamanda toylarda tibbi maska tələbi də ləğv olunub. 150 nəfərə qədər şəxsə toy, nişan, ad günü, digər şənlik mərasimlərində iştirakına icazə verilir və mütləq qaydada COVİD pasportu tələb olunur”.

 

E.Hacıyev Məhərrəmlik ayında da toyların olduğunu və qaydaları pozanların cərimələndiyini deyib. E.Hacıyev bəzi şadlıq saraylarında COVİD pasportunun tələb olunmaması məsələsinə də münasibət bildirib: “İddialar əsassızdır. Monitorinq qrupları tərəfindən aşkarlanan nöqsanlarla bağlı müvafiq tədbirlər görülür”.

 

Yeni qaydaların tətbiqi isə bir sıra sualların da cavablandırılmasını zəruri edib. Belə ki, əgər toylarda, digər şənlik mərasimlərində maska taxılması tələbi ləğv edilirsə, bu, yoluxmanın artmasına səbəb olmayacaq ki? Digər tərəfdən, hazırda “Delta”nın tuğyan etdiyi bir vaxtda toylarda insan iştirakının 150 nəfərə yüksəlməsinin də yoluxma ilə bağlı statistikaya təsiri danılmazdır... COVİD pasportunun olması, yəni iki doza vaksin olunmaq virusa yoluxmayacaq anlamına gəlirmi? Bu baxımdan toylar, nişan məclislərində virusun yayılma təhlükəsi varmı?

 

“Yeni Müsavat”ın bu suallarına tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə cavab verib: “Sentyabrın 1-dən yeni qərara əsasən toylarda 150 nəfər insan iştirak edə bilər, yəni COVİD pasportu alan şəxslərdən söhbət gedir. Məhərrəmlik ayında da toy eləyirlər. Düzdür, onların şəxsi işidir. Amma tibbi baxımdan mən onu demək istəyirəm ki, insanlar vaksinasiyadan keçirsə, bu o demək deyil ki, onlar yoluxub və başqasına yoluxdura bilməz. Vaksin onun üçündür ki, xəstələnəndə xəstəliyi yüngül keçirsin, ölüm hallarının qarşısı alınsın. Yəni ölüm halları az olsun. Vaksin olunan şəxslərə 6 aylıq COVİD pasportu verilir və həmin şəxsləri toylara buraxırlar. Vaksin olunan şəxslər özləri xəstələnməsə belə, virus daşıyıcısı ola bilirlər. Virus daşıyıcısı olub, digər ətrafdakı insanları yoluxdura bilərlər. Baxmayaraq ki, vaksin olunublar, COVİD pasportları var, toylarda, qapalı yerlərdə insanları yoluxdura bilərlər”.

 

İnfeksionist əlavə edib ki, hazırda ölkəmizdə koronavirusun “Delta” variantı yayılmaqda davam edir: ““Delta” variantının da əsas xüsusiyyəti bilirik ki, yoluxuculuq qabiliyyətinin yüksək olmasındadır. Yoluxuculuq qabiliyyəti yüksək olan zaman infeksiyaların təbii ki, ölüm faizi də nisbətən yüksək olur. İndi görürük, gündəlik təqribi dörd min yoluxma var və təqribən 40-45 nəfər ölüm var. Deməli, “Delta” virusundan ölüm faizi də yüksəkdir. Yəni ondan başqa da əlavə olaraq onu da qeyd edim ki, “Delta” virusu uşaqlar arasında, məktəbəqədər, məktəblilər və yaşlılar arasında da xəstəlik törədir. Xəstəlik kifayət qədər kəskin formada özünü büruzə verir. Eyni zamanda böyüklər də bu əlamətlərlə gedir və «Delta» virusu biz son günlər görürük ki, orta yaş qruplarında, yəni cavan şəxslərdə də ölüm verə bilir. Son günlər görürük, orta yaş qruplarında ölən insanlar da var. Yəni belə bir dövrdə toylarda insanlar nə qədər az olarsa, bir o qədər epidemioloji cəhətcə təhlükəni azaldır. Xəstəliyin daha şiddətli tüğyan etməsinin qarşısını alar. Təbii ki, yüz əlli nəfər nəzərdə tutulur. Amma bizim toylarda minimum halda tək hallarda 150 nəfər insan olur. İnsanlarımız öyrəşib ki, toylarda 300-400 nəfər insan iştirak eləsin. Təbii ki, buna müvafiq orqanlar nəzarət edəcək ki, 150 nəfərdən artıq olmasın. Amma 150 nəfərin içində bir nəfər virus daşıyıcısı olarsa, digər şəxsləri yoluxdura bilər".///musavat.com

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun