Quba Rayon Mərkəzi Xəstəxanasında ilk dəfə fəqərəarası disk yırtığı əməliyyatı icra olunub.
Bu barədə E-saglam.az-a TƏBİB-dən məlumat verilib.
Mərkəzdə həyata keçirilən bu əməliyyat neyrocərrah Fariz İsgəndərov, rekonstruktiv-plastik cərrah Tərlan Hacızadə və həkim-reanimatoloq-anestezioloq Paşa Məmmədov tərəfindən icra olunub.
Əməliyyatdan sonra pasiyentin vəziyyəti qənaətbəxş qiymətləndirilərək, ambulator müalicə üçün evə buraxılıb.
Məlumat üçün bildirək ki, yeni fəaliyyətə başlayan Mərkəzdə bu sayca 124-cü travmatoloji əməliyyat hesab edilir.
Qeyd edək ki, bu günədək bu cür travmatoloji əməliyyatlara görə bölgə əhalisi daha çox paytaxtda fəaliyyət göstərən ixtisaslaşmış tibb müəssisələrinə müraciət edirdi. Artıq bu cür mürəkkəb travmatoloji əməliyyatların Quba Regional Travmatoloji Mərkəzində də icrası mümkündür.
Quba Rayon Mərkəzi Xəstəxanasının nəzdində yaradılan Regional Travmatoloji Mərkəzdə region üzrə - Quba, Xaçmaz, Qusar, Şabran və Siyəzən rayonlarının əhalisinə ixtisaslaşdırılmış tibbi xidmət, o cümlədən müvafiq profil üzrə mürəkkəb klinik hallar zamanı konsultativ-diaqnostik yardım göstərilməyə davam etdirilir.