Qaradəniz Texniki Universiteti Tibb Fakültəsinin Qulaq-Burun-Boğaz kafedrasının professoru Dr. Hatice Bengü Çobanoğlunun sözlərinə görə, qırtlaq xərçənginin ilk əlaməti çox zaman uzun sürən səs xırıltısı ola bilər. Əgər bu hal 3 həftədən artıq davam edirsə, mütləq həkimə müraciət edilməlidir.
E-saglam.az xəbər verir ki, Çobanoğlu bildirir ki, səsin yorulması bəzən çox danışmaqdan və ya vokal gərginlikdən qaynaqlana bilər. Lakin xüsusilə siqaret istifadəçilərində uzun müddət keçməyən xırıltı qırtlaq xərçənginin xəbərçisi ola bilər.
Yüngül səs problemləri polip və ya düyün kimi xoşxassəli səbəblərlə bağlı ola bilər və səs terapiyası ilə müalicə oluna bilər. Amma şübhəli hallarda biopsiya götürülməli və erkən mərhələdə lazerlə müdaxilə edilməlidir. Daha irəliləmiş hallarda isə cərrahi müdaxilə və ya radioterapiya tələb oluna bilər.
Professor əlavə edib ki, xərçəngin digər əlamətləri arasında udqunma çətinliyi, nəfəs darlığı, qulaq ağrısı və boyun nahiyəsində limfa düyünlərinin şişməsi də ola bilər. "Xərçəngdən deyil, gecikməkdən qorxmaq lazımdır", - deyə vurğulayıb.
Tərcümə: Könül Oruc