Yaz ayları gənələrin aktivləşdiyi dövrdür. Çox vaxt zərərsiz hesab olunsalar da, bəzi hallarda gənələr ciddi xəstəliklərə səbəb ola bilər.
E-saglam.az xəbər verir ki, Sivasın Zara rayonunun İlice kəndində yaşayan, heyvandarlıqla məşğul olan 35 yaşlı iki uşaq anası Çiğdem Kəskin gənə dişləməsi nəticəsində Krım-Konqo Qanamalı Atəşi (KKKA) xəstəliyinə yoluxaraq həyatını itirib.
Hadisə necə baş verdi?
Kəskin bədəninə ilişən gənədən bir müddət sonra səhhətində ciddi pisləşmə müşahidə olunub. Yaxınları tərəfindən xəstəxanaya aparılıb və KKKA diaqnozu ilə müalicəyə cəlb edilib. Təəssüf ki, həyatını xilas etmək mümkün olmayıb. Sivas Cümhuriyyət Universitetinin məlumatına görə, təkcə aprel və may aylarında bu bölgədə 8 nəfər KKKA şübhəsi ilə xəstəxanalara müraciət edib, onlardan ikisi vəfat edib.
Gənələr necə təhlükə yaradır?
Gənələr isti qanlı canlıların qanını soraraq qidalanır və daha çox bədənin isti və nəm bölgələrini seçirlər. Ən təhlükəli cəhət isə onların bədənə yapışaraq uzun müddət qalması və bu müddətdə ölümcül viruslar ötürə bilmələridir. Krım-Konqo Qanamalı Qızdırması, Lyme xəstəliyi, Qayalı Dağ ləkəli qızdırması və anaplazmoz kimi xəstəliklər gənə növlərinə və regiona görə fərqlənə bilər.
Simptomlara diqqət yetirin
Gənə dişləməsinin simptomları dəyişkən ola bilər. Zəhərsiz dişləmələrdə bəzən heç bir əlamət görünmür. Ancaq allergiyası olan insanlarda qaşınma, şişkinlik, qızartı, baş ağrısı, qızdırma, əzələ və oynaq ağrıları kimi ciddi əlamətlər müşahidə edilə bilər. Ən təhlükəli simptomlar arasında reflekslərin zəifləməsi və əzələ zəifliyi yer alır.
Gənə dişlədikdə nə etməli?
Mütəxəssislər gənə bədəndə göründükdə çılpaq əllə toxunmadan, steril və incə uclu cımbızla baş nahiyəsindən tutaraq yavaş-yavaş çıxarmağı tövsiyə edirlər. Gənəni dartmaq və ya bədənindən qoparmaq olmaz. Dişlənən bölgə sabunlu su ilə yuyulmalı, ardınca antiseptiklə təmizlənməlidir. Gənə çıxarıldıqdan sonra 10–14 gün ərzində bədənin müşahidə altında saxlanılması vacibdir.
Nə etməməliyik?
Heç bir halda gənəni yandırmaq, üzərinə spirt, odekolon və ya başqa kimyəvi maddələr tökmək olmaz. Bu, gənənin stressə düşərək virusu bədənə buraxmasına səbəb ola bilər. Əgər gənəni təhlükəsiz şəkildə çıxara bilmirsinizsə, dərhal tibb müəssisəsinə müraciət etmək ən doğru addımdır.
Qorunmaq üçün nə etməliyik?
Təbiətə çıxarkən açıq rəngli geyimlər geyinmək, çəkmə və uzunqol paltarlar istifadə etmək, qayıtdıqda bədəni diqqətlə yoxlamaq vacibdir. Riskli bölgələrdə qoruyucu tədbirlər görmək həyat qurtara bilər.
Tərcümə: Könül Oruc