Uzun illər sağlam həyat tərzinin simvolu kimi təqdim olunan “gündə 10 min addım” tövsiyəsi yeni araşdırmalar fonunda yenidən dəyərləndirilir.
E-saglam.az xəbər verir ki, İngiltərədə Oksford Universiteti tərəfindən aparılan və British Journal of Sports Medicine jurnalında dərc edilən genişmiqyaslı araşdırmaya görə, gündə cəmi 7.000 addım atmaq belə 13 fərqli xərçəng növünə tutulma riskini əhəmiyyətli dərəcədə azalda bilər.
Araşdırma 85.000-dən çox iştirakçının qatılımı ilə həyata keçirilib. Onlar bir həftə ərzində fiziki aktivliklərini izləyən cihazlar taxıblar və nəticələri 6 il müddətində müşahidə edilib. Nəticələr göstərib ki, gündə 7000 addım atan şəxslərdə xərçəng riski 11%, 9000 addım atanlarda isə 16% azalır. Əldə olunan datalara əsasən, bu miqdardan artıq atılan addımlar əlavə fayda vermir.
Ən çox qarşılaşılan xərçəng növləri
Tədqiqat xüsusilə aşağı fiziki aktivliklə əlaqələndirilən 13 xərçəng növünə fokuslanıb. Bunlara özofagus, qaraciyər, ağciyər, böyrək, mədə, endometrium, miyeloid leykoz, miyeloma, bağırsaq, düz bağırsaq, baş və boyun, sidik kisəsi və döş xərçəngi daxildir. Kişilər arasında ən çox rast gəlinən növlər ağciyər və bağırsaq xərçəngi, qadınlarda isə döş, bağırsaq və endometrium xərçəngi ön plana çıxır.
Gündə 5.000 addım belə fərq yaradır
Tədqiqat göstərir ki, addım tempindən asılı olmayaraq gündəlik 5000-9000 addım arasında hərəkət xərçəng riskini ciddi şəkildə azaldır. İştirakçıların cəmi 3%-i müşahidə müddətində bu xərçəng növlərindən birinə tutulub.
Piylənmə və oturaq həyat tərzi əsas risk faktorudur
Xərçəng Araşdırma İnstitutunun məlumatına görə, gündəlik gəzinti insulin səviyyəsini balansda saxlayaraq xərçəngin inkişafının qarşısını ala bilər. Cancer Research UK isə bildirir ki, artıq çəki və piylənmə xərçəngin ikinci ən böyük səbəbidir. Bədən yağının artması hüceyrələrin daha sürətli bölünməsi üçün siqnal verir və bu, şişlərin inkişafına yol aça bilər.
Addımları bölüşdürmək kifayətdir
Loughborough Universitetinin biokimyaçısı Dr. Mhairi Morris bildirir ki, bu hədəfə çatmaq üçün uzun yürüşlərə ehtiyac yoxdur. Lift əvəzinə pilləkənlərdən istifadə etmək, nahar fasiləsində qısa gəzintilər, telefonla danışarkən yerimək kimi kiçik dəyişikliklər gün ərzində 7000 addımı tamamlamaq üçün yetərlidir.
Xərçəng hallarında artım: Gənclər risk altında
Böyük Britaniyada hər il 400.000-dən çox insana xərçəng diaqnozu qoyulur və bu xəstəlik 167.000-dən artıq insanın ölümünə səbəb olur. 2025-ci ildə 40 yaşdan aşağı 80.000 yeni xərçəng halının qeydə alınacağı gözlənilir. Ən sürətlə yayılan növlərdən biri isə bağırsaq xərçəngidir. Statistikaya görə, 20-34 yaşlılar arasında erkən diaqnoz göstəriciləri 2010-2030-cu illər arasında 90% artacaq.
Tərcümə: Könül Oruc