Qan şəkərləri hansı həddə olanda biz gizli şəkər və yaxud prediabet deye bilərik?
E-saglam.az-ın xəbərinə görə, endokrinologiya və metabolizma xəstəlikləri üzrə mütəxəssis Dr. Günay Əliyeva bildirir ki, aclıq qan şəkəri 100-126 mg/dl-arasıdırsa, və yaxud qlükoza tolerantlıq testindən 2 saat sonra 140-199 mg/ dl arası olarsa bu zaman prediabet deye bilərik.
Prediabet, və ya gizli şəkər ( şəkərə meyillik də deyilir) geri dönən bir prosesdir. Bir sıra qaydalara əməl etməklə bu problemi aradan qaldırmaq mümkündür:
- Fiziki aktivliyi artırmaq,
- Düzgün qidalanmaya riayət etmək,
- Lazım gələrsə dərman müalicəsi götürmək.
Qeyd edək ki, əgər qarşısı alınmazsa gələcəkdə prediabet şəkərli diabete keçə bilər. Bu isə artıq geri dönülməz bir xroniki xəstəlikdir.
Gizli şəkərin əlamətləri nələrdir?
Həkim-endokrinoloq Səbinə Cəfərova isə deyir ki, bu problemi olan insanlar həkimə daha çox səbəbsiz olaraq çəkinin artması, piylənmə ilə bağlı şikayət edirlər. Məsələn, həmin insanlar qidalanmağa diqqət yetirdikləri, normadan artıq qida qəbul etmədikləri halda çəkilərinin artdığını deyirlər. Onlarda daha çox qarın hissədə piylənmə yaranır. Belə bir şikayətlə müraciət edən xəstədə ilk növbədə metabolizm pozğunluğunu, insulin rezistentliyini araşdırmaq lazımdır.
Boynun arxa hissəsində, qoltuq altında, qarın və döş nahiyəsində olan büküşlərdə yaranan tünd qara rəngdə sızanaqlar, qara xətlər insulin rezistentliyinin əlamətləridir.
Könül Oruc
.