Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbərdarlıq edir ki, torpaq və hava vasitəsilə yayılan Coccidioides adlı göbələk növü həm sağlam, həm də immun sistemi zəif olan insanlarda koksidioidomikoz adlı infeksiyaya səbəb ola bilər.
E-saglam.az xəbər verir ki, bu infeksiya baş ağrısı, nəfəs darlığı və qızdırma kimi simptomlarla irəliləyir və qlobal səviyyədə sağlamlıq böhranına çevrilə bilər.
Eyni zamanda ÜST, antimikrob müqavimət (dərmanlara qarşı dözümlülük) ilə bağlı artan təhlükəyə görə, "Prioritet Patogenlər Siyahısı"nı yayımlayıb. Siyahıdakı bakteriyalar mövcud antibiotiklərə qarşı davamlıdır və infeksiyaların müalicəsini çətinləşdirir.
Mütəxəssislər bildirir ki, bu problem əsasən antibiotik və antifungal dərmanların düzgün olmayan istifadəsi səbəbindən yaranır. Göbələk infeksiyalarının müalicəsi isə daha çətindir, çünki hazırda cəmi 17 antifungal dərman mövcuddur.
Pittsburq Universitetindən Dr. Neil Clancy qeyd edir ki, göbələklər insan hüceyrələrinə daha çox bənzədiyi üçün onlara qarşı təhlükəsiz dərmanlar hazırlamaq daha çətindir.
Statistikaya görə, il ərzində dünyada 4,7 milyon insan bakterial, 3,8 milyon insan isə göbələk infeksiyalarından həyatını itirir. Səhiyyə mütəxəssisləri həm bakterial, həm də göbələk infeksiyalarına qarşı yeni dərman və strategiyaların təcili inkişaf etdirilməsini vacib sayırlar.
Tərcümə: Könül Oruc