Böyrək daşlarının yaranma səbəbləri müxtəlif ola bilər, lakin düzgün pəhriz və həyat tərzi ilə bu vəziyyətin qarşısını almaq mümkündür.
E-saglam.az xəbər verir ki, uroloq Andrey Sanjarov böyrək daşlarının qarşısını almaq üçün aşağıdakı 10 əsas tövsiyəni verir:
İçki rejimi
Bədənin lazımi səviyyədə nəmləndirilməsi üçün gündə 2-2,5 litr su içmək vacibdir. Bu, daşların əmələ gəlməsinə səbəb olan duzların konsentrasiyasının azalmasına kömək edir.
Kalsium səviyyəsinin doldurulması
Kalsium, oksalatların bədəndəki udulmasını azaldaraq, onların böyrəklərə daxil olmasına mane olur. Süd, kəsmik, pendir kimi qidalarda kalsium yüksək səviyyədədir.
Duz qəbulunun məhdudlaşdırılması
Natriumda yüksək olan qidalar sidikdə kalsiumun yığılmasına səbəb olur. Konservləşdirilmiş balıq, hisə verilmiş məhsullar və duzlu balıq kimi qidalardan qaçınmaq lazımdır.
Aşağı oksalat pəhrizi
Oxalatların böyrək daşlarının yaranmasında rolu böyükdür. Oksalatlardan zəngin qidalar arasında ispanaq, çiyələk, şokolad və kələm kimi məhsullar var.
Şəkərin miqdarını azaldın
Şəkər, kalsium və maqneziumun bədəndə udulmasına mane olur və böyrək daşlarının əmələ gəlməsini asanlaşdırır. Şirin desertlər və qazlı içkilərdən uzaq durmaq tövsiyə edilir.
Qırmızı ət istehlakına nəzarət
Qırmızı ət sidik turşusunun artmasına səbəb olur, bu da daşların əmələ gəlməsinə şərait yaradır. Qırmızı ət və yağlı balıq istehlakını məhdudlaşdırmaq vacibdir.
Flüorlu sudan qaçınmaq
Flüorun yüksək olduğu içməli su böyrək daşlarının yaranmasına səbəb ola bilər. Bədəndə flüorun artığını dişlərin rəngindən müəyyən etmək mümkündür. Belə hallarda şüşə su istifadə etmək tövsiyə olunur.
Qazlı içkilərin zərəri
Qazlı içkilərdəki natrium bikarbonat və fosfor turşusu sidiyin pH-nı dəyişərək, daşların əmələ gəlməsi üçün əlverişli şərait yaradır.
Pəhrizinizə tərəvəz və meyvələr daxil edin
Tərəvəzlər və meyvələr bədəndə maqnezium, kalium və antioksidantların səviyyəsini artırır. Onların gündəlik istehlakı böyrək sağlamlığını qorumağa kömək edir.
Böyrək daşları üçün məşq
İdman fəaliyyətləri böyrəklərin sağlamlığını qorumağa kömək edir. Üzgüçülük, velosiped sürmək və orta sürətlə gəzmək kimi fiziki fəaliyyətlər, böyrəklərin ifrazat qabiliyyətini yaxşılaşdırır.
Bu sadə, lakin effektiv tövsiyələr böyrək daşlarının qarşısını almağa kömək edə bilər.
Tərcümə: Könül Oruc