Bakıda Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) Kommunikasiya üzrə Milli Əlaqələndiriciləri üçün Regional Seminarın işinə start verilib.
E-saglam.az "Report"-na istinadən xəbər verir ki, tədbir Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə ÜHST-nın birgə təşkilatçılığı və Avropa İttifaqının (Aİ) dəstəyi ilə təşkil olunub.
Seminarda AQTA, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, ÜHST və Aİ-nin məsul şəxsləri və əməkdaşları iştirak edir.
Seminar Kommunikasiya üzrə Milli Əlaqələndiricilər üçün infodemiyanın idarə olunması və fövqəladə hallar zamanı onların təsirinin azaldılması üçün milli imkanların yaradılması, heyvan sağlamlığı və əlaqəli sahələrdə infodemiyanın qarşısının alınması və onlara qarşı cavab tədbirlərinin görülməsi üçün istifadə edilən strategiyalar, təcrübələr, metodlar və alətlər haqqında ümumi məlumatların ötürülməsi və infodemiya ilə mübarizə üzrə ölkələrin təcrübələrinin bölüşülməsi məqsədilə keçirilir.
Tədbirdə çıxış edən AQTA sədrinin müavini Balarəhim Quliyev bildirib ki, Agentliyin məqsədlərindən biri “Vahid sağlamlıq” konsepsiyası çərçivəsində insanların və heyvanların sağlamlığı üçün təhlükə yaradan, təbiətə və ətraf mühitə ziyan vuran, habelə ciddi iqtisadi itkilərə səbəb olan xəstəliklərə qarşı ən effektiv izləmə və mübarizə üsullarını icra etməkdir. Respublikamız bununla qloballaşan dünyada bioloji təhlükəsizliyin təmin olunması və zərərsiz qida məhsulları ilə təminatın yaxşılaşdırılması işlərinə fayda vermək niyyətindədir.
Azərbaycanın 1995-ci ildə ÜHST-yə üzv qəbul edildiyini vurğulayan B.Quliyev vurğulayıb ki, təşkilatla əməkdaşlıq ölkəmizdə heyvan sağlamlığı problemlərinin həllində, bioloji təhlükəsizliyin qorunmasında və beynəlxalq ticarətin tənzimlənməsində mühüm rol oynayır.
Eyni zamanda Agentlik son 5 ildə ÜHST-nin, Aİ-nin, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının və digər beynəlxalq təşkilatların çağırışlarına qoşulmaqla, beynəlxalq və regional miqyasda xüsusi təhlükələrə səbəb olan heyvan xəstəlikləri ilə mübarizədə məqsədyönlü tədbirləri davam etdirir.
Belə ki, “Xırdabuynuzlu heyvanlar arasında taun xəstəliyinə nəzarət və xəstəliyin aradan qaldırılması üzrə Qlobal Strategiya” ilə bağlı müvafiq işlər görülüb və “Transsərhəd heyvan xəstəlikləri üzrə Qlobal Çərçivə” (GF-TAD) daxilində Proqressiv Nəzarət yolu (PCP) və Dabaq xəstəliyi ilə mərhələli mübarizə Planı çərçivəsində fəaliyyətlər həyata keçirilir.
Bununla yanaşı, Azərbaycan 2023-2025-ci illər üzrə dabaq xəstəliyi üzrə Şərqi Avrasiya Regional Məsləhət Qrupunun sədri seçilib.
Seminarda müvafiq nazirliklərin və beynəlxalq təşkilatların nümayəndələri də çıxış edib. Çıxışlardan sonra isə tədbir “ÜHST-nin kommunikasiya fəaliyyətlərinin və əlaqələndirici şəxslərinin rolunun araşdırılması” və “İnfodemik idarəetmə konsepsiyası və proseslərinə giriş” mövzularına dair təqdimat, interaktiv sessiya və simulyasiya məşqləri ilə davam edib.
Seminar zamanı AQTA-nın heyvan sağlamlığı sahəsində 5 il ərzində gördüyü işlərə və ÜHST-nin Kommunikasiya üzrə Milli Əlaqələndiricilərinin roluna dair videoçarxlar nümayiş olunub.
Qeyd edək ki, tədbir çərçivəsində oktyabrın 19-da “Adekvat müdaxilələr və qiymətləndirmə ilə infodemiyanı necə həll etmək olar?” mövzusu ilə bağlı təqdimat və simulyasiya məşqlərinin həyata keçirilməsi və müzakirələrin aparılması, oktyabrın 20-də isə müvafiq məsələlər üzrə təqdimat və sessiyaların təşkil olunması planlaşdırılır.