Azərbaycandan Özbəkistana 50 min doza miqdarında koronavirusa qarşı vaksin göndərilib.
Bu barədə beynəlxalq peyvənd təminatı təşəbbüsü COVAX-ın tərəfdaşı qismində çıxış edən YUNİSEF-ın Özbəkistan nümayəndəliyindən bildirilib.
Qeyd olunub ki, COVID-19 əleyhinə vaksinlər Azərbaycanın Özbəkistandakı səfirliyinin vasitəçiliyilə Daşkəndə çatdırılıb.
Prezident İlham Əliyev dəfələrlə dünyada vaksin bölgüsünün ədalətsiz olduğuna diqqət çəkib. Dövlət başçısı iyulun 13-də Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin aralıq konfransında çıxış edərkən “peyvənd millətçiliyinin” narahatlıq doğurduğunu bildirib.
“Bu günədək dünyada mövcud olan peyvəndlərin 82 faizdən çoxu zəngin dövlətlər tərəfindən alınıb, azgəlirli ölkələrin payına düşən peyvənd həcmi isə yalnız 0,9 faiz təşkil edir.
“Belə münasibət inkişaf etməkdə olan, xüsusilə də az inkişaf etmiş ölkələrin öz əhalisini qorumaq imkanına mane olur”,-deyə İlham Əliyev əlavə edib.
Azərbaycanın Özbəkistana vaksin yardımı da Bakının humanitar siyasətinin növbəti təzahürüdür.
Qeyd edək ki, Azərbaycanın Qırğızıstana da 40 min doza “AstraZeneca” vaksini göndərəcəyi gözlənilir.