Autizm psixi inkişafın kompleks pozulmasıdır. Sosial əlaqələrin mümkün olmaması, davranışın stereotipliyi, yəni, hərəkətlərin təkrarlaması ilə xarakterizə olunur. Autik spektrin pozuntusu olan uşaqların bacı və ya qardaşları risk altındadır.
E-saglam.az xəbər verir ki, bu fikirləri Azərbaycan Tibb Universitetinin Nevrologiya kafedrasının dosenti Mahirə Məmmədova uşaqlarda autizm spektrinin pozuntularında nevroloji aspektlərdən söhbət açarkən bildirib.
“Autizm” termininin tarixi haqqında danışan mütəxəssis deyib: “İlk dəfə olaraq 1911-ci ildə İsveçrə psixiatrı Eyqen Bleyler tərəfindən “autizm” termini elmi ədəbiyyata gətirilib. Hələ keçən əsrin ortalarında autizm çox nadir xəstəlik olsa da, vaxt keçdikcə bu problemi olan uşaqların sayı artır. Statistika göstərir ki son 30-40 ildə 10 min əhaliyə 4-5 nəfərdən 50-116 nəfərədək artıb. Autizmli oğlanların sayı qızlardan daha çoxdur. Autik spektr pozuntularının səbəbi tam aydın deyil, müxtəlif hipotezlər irəli sürülür. Genetik meyillilik, sinir sisteminin inkişaf pozulmaları, xarici amillərin təsiri, hamiləlik zamanı infeksiya, kimyəvi təsir, doğuş travmaları, anadangəlmə mübadilə pozulmaları, bəzi dərman və sənaye toksinlərinin təsiri sözügedən hipotezlərə daxildir”.
Autizmli uşaqlarda psixi inkişafın xüsusiyyətlərindən danışan həkim vurğulayıb ki, nitq inkişafının pozulması lap erkən yaşlarında özünü göstərir. Qığıldamanın ləngiməsi, yaxud heç olmaması, uşağın böyüklərlə ünsiyyət zamanı nitqin inkişaf etməməsi və yaxud adını çağıranda reaksiya verməməsi, deyilənləri yerinə yetirməməsi ilkin simptomlar ola bilər. Uşaqlar əvəzlik müraciətindən istifadə etmir və özü haqqında üçüncü şəxs kimi danışır. Bəzi hallarda əvvəl əldə olunan nitqin regresiyası qeyd olunur.
Mütəxəssis qeyd edib ki, autizmdən əziyyət çəkən uşaqlar ətrafdakılarla ünsiyyət və emosional kontaktın çətin və yaxud heç olmaması səbəbindən taktil kontaktlardan çəkinir, göz kontaktı praktiki olaraq olmur, mimiki reaksiyalar qeyri-adekvat olur və jestlərin istifadəsində çətinlik çəkir. Onlar gülümsəmir, valideynlərə dartınmır, lakin digər böyüklər qucağına götürdükdə müqavimət göstərirlər. Yəni, özlərinin və ətrafdakıların emosiyalarını təyin edə bilmirlər. Autizm olan uşaqlar başqa uşaqlarla kontakta girmir, yaxud onlardan çəkinir və çox vaxt təklikdə olmağa meyillidirlər.
Sözünə davam edən mütəxəssis söyləyib ki, tədqiqi davranış problemi olan uşaqlara ətraf mühit, oyuncaqlar maraqlı deyil: “Autizmli uşaqlar oyuncaqları qeyri-adi istifadə edirlər. Məsələn, maşını sürmür, onun bir təkərini saatlarla fırladırlar. Nadir hallarda yemək təkliflərində də çox seçici ola bilər. Bəzən uşaqlar yeməyi iyləməyə başlayır ki, bu da onlarda ikrah, təhlükə hissi yarada bilər. Bununla bərabər, uşaqlar yeməli olmayan əşyaları yeməyə çalışır. Onların qavrama problemləri yüksək inpulsivlik olur. Ətraf mühitin parçalanması, obyektiv dünyanın vahid mənzərəsinin təhrif edilməsi, diqqəti cəmləmək konsentrasiyasında pozulma müşahidə olunur”.
Onların düşüncə xüsusiyyətlərindən də bəhs edən mütəxəssis deyib ki, autizmli uşaqlarda sərbəst öyrənmədə çətinliklər müşahidə edilir. Onlar baş verənlərdə səbəb-nəticə əlaqələrini anlamağa diqqət yetirmir, böyüklərə qulaq asmaqdan, onlarla birgə iş görməkdən imtina edir, davranışları tez-tez aqressiv partlayışlar, müqavimət, qışqırmalarla olur.
Autik spektr pozulmalarının diaqnostikasından da söhbət açan həkim əlavə edib: “Diaqnostika sosial adaptasiyanın pozulması, ünsiyyət sferasında pozulma, stereotipik davranış olmaqla kriteriyaya ayrılır. Autizm üçün bilinən bir biomarker yoxdur. Bu o deməkdir ki, heç bir qan və ya genetik analiz xəstəliyi tanıya bilməz. Bunun əvəzinə həkimlər və mütəxəssislər bir insanın autizm olub-olmadığını müəyyən etmək üçün təkrar kliniki müayinə və müşahidələrə, tibbi tarixçələr və anketlərin göstəricilərinə əsaslanmalıdırlar. Bunun üçün də psixoloji, neyropsixoloji, uşağın ailəsi və ətrafı ilə işləmək, psixososial terapiya və loqopedik korreksiya etmək lazımdır. Müalicə məqsədilə vitaminlər, düşüncə proseslərini yaxşılaşdıran və nitq inkişafını stimullaşdıran nootrop preparatlar, eləcə də yüksək impulsivlik, aqressivlik, neqativizm, özünəqapanma əlamətləri olduqda, psixotrop dərmanlar kömək edə bilər. Bəzi hallarda autizm epileptik tutmalarla müşayiət olunur. Belə hallarda epilepsiya əleyhinə preparatlar təyin edilməlidir”.
Mütəxəssisin sözlərinə görə, körpələrin autizm simptomları və əlamətlərinə görə müntəzəm yoxlanılması vacibdir. O cümlədən belə uşaqların bacı-qardaşları autik spektrin pozuntusu xüsusiyyətlərini inkişaf etdirmə riski altındadır. Bu səbəbdən onlar da yalnız autizmlə əlaqəli simptomlar üçün deyil, həm də nitq gecikmələri, öyrənmə çətinlikləri, sosial problemlər və yaxud depressiv simptomların aşkarlanması məqsədilə müayinədən keçməlidirlər. / AZƏRTAC