
Mütəxəssislər yuxusuzluğun yalnız yorğunluq deyil, beyin üçün real təhlükə olduğunu bildirirlər.

E-saglam.az xəbər verir ki, yeni tədqiqatlara görə, gecə normal yuxu alınmadıqda beyindəki təmizləmə sistemi – yəni glinfatik sistem – düzgün işləməyərək toksinləri xaric edə bilmir. Bu isə uzun müddətdə Alzheymer və digər neyroloji xəstəliklərə zəmin yarada bilər.
Alimlər bildirir ki, bədən yuxuda olarkən beyin özünü "təmizləməyə" başlayır. Gecə saatlarında beyin hüceyrələri arasında boşluqlar genişlənir və bu sahələrdə yığılan tullantılar orqanizmdən xaric olunur. Lakin bu prosesin tam baş verməsi üçün dərin və kəsilməz yuxu vacibdir.
Tədqiqat aparan nevroloq Dr. Lisa Medford deyir: “Bir gecəlik yuxusuzluq belə beynin təmizləmə sistemini pozur. Bu da, illərlə davam edərsə, beyin hüceyrələrində zərərli maddələrin toplanmasına və erkən zehni zəifləməyə səbəb ola bilər.”
Mütəxəssislər yetkin insanlara gecə minimum 7 saat keyfiyyətli yuxu tövsiyə edir və yuxu gigiyenasına riayət etməyin əhəmiyyətini vurğulayırlar: telefon və ekranlardan uzaq durmaq, yatmazdan əvvəl qaranlıq və səssiz mühit yaratmaq və eyni saatda yatıb oyanmaq sağlam beyin üçün vacib addımlardır.
Könül Oruc