Ümumi praktikant həkim Kristina Radina bildirib ki, bir mövsümdə bir neçə dəfə soyuqdəymə keçirmək hər zaman zəif immunitet demək deyil.
E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, bu hal çox vaxt bədəndəki müəyyən və düzəldilə bilən problemlərlə bağlı olur.
Mütəxəssis qeyd edib ki, müayinəyə ümumi qan analizi və əsas biokimyəvi göstəricilərlə başlamaq lazımdır. Bu testlər gizli iltihabı aşkar etməyə və orqanizmin ümumi vəziyyətini qiymətləndirməyə kömək edir. Xüsusilə immun hüceyrələrinin formalaşmasında mühüm rol oynayan ümumi protein səviyyəsinə diqqət yetirilməlidir.
Radinanın sözlərinə görə, növbəti mərhələdə mikroelementlərin səviyyəsi yoxlanmalıdır. Buraya D vitamini, B qrup vitaminləri, maqnezium, sink və mis daxildir. Bu maddələrin çatışmazlığı immun sisteminin zəifləməsinə səbəb ola bilər.
Həkim həmçinin qalxanabənzər vəzin fəaliyyətini TSH analizi ilə yoxlamağı və xroniki xəstəliklərin mövcudluğunu nəzərə almağı tövsiyə edir. Məsələn, qastrit kimi iltihabi proseslər immun sistemini zəiflədir və orqanizmin viruslara qarşı müqavimətini azaldır.
Əgər bütün göstəricilər normaldır, lakin tez-tez xəstələnmə davam edirsə və ya herpes kimi infeksiyalar təkrarlanırsa, immunoloq və ya infeksionistə müraciət etmək məsləhətdir.
Tərcümə: Könül Oruc