Neyroloqlar sosial şəbəkələrdə uzun müddət videolara baxmağın beynin idrak funksiyalarına mənfi təsir göstərdiyini bildirirlər.
E-saglam.az xəbər verir ki, əyləncə məzmununun nəzarətsiz istifadəsi yaddaşın zəifləməsi, diqqətin dağılması və motivasiyanın azalması kimi hallara səbəb ola bilər. Mütəxəssislər bu prosesi "brainrot" (beyin çürüməsi) adlandırır.
Bu necə baş verir?
Dopaminin təsiri: Sosial şəbəkələrdə videolara baxarkən beyində dopamin ifraz olunur. Bu, sürətli həzz hissi yaratsa da, uzun müddət davam edən istifadədə beyinin motivasiya və qərar qəbul etmə funksiyaları zəifləyir.
Habenulanın pozulması: Bu beyin hissəsi məlumatı emal etmə və qərar qəbul etmədə iştirak edir. Lakin qısa və xaotik məzmunun davamlı stimulu bu funksiyaları zədələyir.
Uzun müddətli təsirlər
- Diqqət dağınıqlığı və yaddaş zəifləməsi.
- Məlumatların səthi və mənasız qəbul edilməsi.
- Motivasiya və yaradıcılığın azalması.
- İstirahət və iş fəaliyyətlərindən həzz ala bilməmə.
Çarə nədir?
Həkimlər beynin fəaliyyətini qorumaq və "çürümə"dən qaçmaq üçün aşağıdakıları tövsiyə edirlər:
Məhdudiyyət qoyun: Sosial şəbəkələrdə keçirdiyiniz vaxta nəzarət edin və əyləncəli məzmuna məhdudiyyət qoyun.
Alternativ fəaliyyətlər: Kitab oxumaq, musiqi alətlərində ifa etmək, rəsm çəkmək və idmanla məşğul olmaq kimi hobbilər seçin.
Rəqəmsal detoks: Sosial şəbəkələrdən tamamilə uzaq qalacağınız fasilələr təşkil edin.
Dərin məlumat axtarın: Mənasız məzmun əvəzinə daha faydalı və intellektual məlumatlara üstünlük verin.
Unutmayın ki, beyniniz sağlamlıq və diqqət tələb edir. Onu doğru məlumatlarla qidalandırmaq uzunmüddətli uğur və rifah üçün vacibdir.
Könül Oruc