Siqaretin zərərləri, xərçəng əmələ gətirməsi və digər vaxtından əvvəl ölümə səbəb olması hamıya bəllidir. Siqaret çəkən şəxs əvvəl özünü, daha sonra isə çevrəsindəki tüstü toxunan hər kəsi zəhərləyir.
E-saglam.az tanınmış anestezioloq-reanimatoloq Şahin Məmmədova istinadla bildirir ki, siqaret tüstüsü özündə 7000 kimyəvi maddə daşıyır və onlardan çoxunun müxtəlif xəstəliklərin əmələ gəlməsində rolu təsdiqlənib. Tək xərçəng xəstəlikləri üçün siqaretin 70 maddəsinin rolu sübut edilib.
“Birinci əl siqaret çəkmək - siqaret çəkənin özüdür, ən böyük riski o daşıyır.
İkinci əl siqaret çəkmə barədə də çoxu bilir. Kənardakı insanlar hansı ki, siqaret tüstüsünə məruz qalırlar. Xüsusən uşaqlar və qadınlar zərər görür. Mütəmadi tüstü ilə kontakt bu siqaret çəkməyən insanlarda xərçəng əmələ gətirir.
Bir də var üçüncü əl siqaret çəkmək. Siqaret qapalı yerdə çəkildikdə- otaqda, maşında və s. tüstü əşyaların üzərinə hopur. Məsələn divarlara, xalçanın üzərinə, əyləşdiyiniz divanın üzərinə və s. Həmin qalıq maddələr adi təmizləyici metodlarla təmizlənməyə davamlıdır. Bu maddələrdən yaxa qurtarmaq üçün gərək otaqda nə varsa hamısı tullana çünkü kimyəvi təmizlənmə də tam apara bilmir. Uşaqlar həmin yerə toxunurlar, sonra əllərini ağızlarına tez tez vurduqları üçün xərçəng riski altına düşürlər.
Hətta siqaret çəkən insanın geyimi şkafda uşaqların geyiminə toxunmamalıdır”.