“Şagirdlər xoşagəlməz hərəkətləri qəsdən, diqqət çəkmək üçün edirlər” – Psixoloqdan AÇIQLAMA
“Şagirdlər xoşagəlməz hərəkətləri qəsdən, diqqət çəkmək üçün edirlər” – Psixoloqdan AÇIQLAMA

Artıq bir müddətdir ki, məktəblərdə şagirdlərin xoşagəlməz hərəkətləri müzakirələrə səbəb olur. Bəs görəsən, bu hərəkətlərin əsasında nə durur?

Məsələ ilə bağlı E-saglam.az-a açıqlama verən psixoloq Könül Telmanqızı deyib ki, valideynlər övladlarına sosial mühitdə davranış və etika qaydalarını körpəlikdən aşılamalıdırlar. Bunlar olmadığı halda zamanla problemlər özünü göstərməyə başlayır: “Davranış problemləri olan, düzgün təlim-tərbiyə olunmayan, yaxud müəllim-şagird arasında olan problemlərdən dolayı bəzən şagirdlər qıcıq verici hərəkətlər edirlər. Biz belə uşaqlarla işləyirik. Həmin şagirdlər xoşagəlməz hərəkətləri qəsdən, diqqət çəkmək üçün etdiklərini deyirlər. Düşünürlər ki, bunu etdikdə ətrafdakıların xoşuna gələcək. Bəzən uşaqlar fərqinə varmadan etdikləri hərəkətlər olur. Bu nöqtədə valideyn övladını psixoloq seanslarına cəlb etməlidir. 

K.Telmanqızı deyib ki, bəzən uşaqlar müəllimlərin humanistıiyindən istifadə edirlər: “Müəllim sinfi ələ almağı bacararsa, uşaqla həm psixoloji, həm təlim baxımdan ötürücülüyü düzgün şəkildə təmin edərsə o şagird müəllimin dərsində qeyri-etik davranışlara yol verməz”. 

Enerjisi aşırı bol olan bəzi uşaqların enerjilərini düzgün sərf edə bilmədiklərini vurğulayan psixoloq bildirib ki, nə təlim, nə tərbiyə baxımından yüksək göstərişi olmayan uşaqlarda bu hal özünü daha çox göstərir: “Bu kimi uşaqlarla məktəb rəhbərliyi və psixoloqu işlər aparmalıdır. Bu uşaqlar birdən-birə belə hərəkətlər etmirlər. Bunun altında yatan səbəblər olur. Ya ailədən qaynaqlanır, ya uşağın psixoloji durumu ilə bağlı olur. Bunların hamısını məktəbin psixolqu yoxlamalı, ehtiyac olduğu halda seanslar keçirməlidir. Son zamanalarda bu tipli uşaqlarla çox işləyirəm. Və əksəriyyəti tez bir zamanda toparlanır və dərslərinə davam edirlər”.

Psixoloq tövsiyə edir ki, ailə-məktəb-valideyn üçbucağı yaradılsa, bu tipli uşaqların sayı getdikcə azalacaq: “Bəzi şagirdlər məktəbdə nə etsə də “evdəkilərin xəbəri olmayacaq” düşüncəsində olurlar. Məktəblərin çoxu valideynlərlə işləməkdən qaçırlar. Valideyn fikir irəli sürdükdə onu “problemli valideyn” kimi qələmə verirlər. Problemin həlli  üçün müəllimlər valideyndən, valideyn isə məktəbdən və müəllimdən qaçmamalıdır”. 

Könül Oruc 

psixoloq