Gözdə quruluq sindromu daha çox ofis işçiləri, monitor qabağında çalışan, sürücülər, gecə növbəsində işləyən və s. insanlarda müşahidə olunur. Eyni zamanda yaş amili, hormonal pozuntular (zob xəstəliyi, klimakterik sindrom), revmatoloji xəstəliklər, göz qapaqlarının iltihabı xəstəliyi, tütündən istifadə, bəzi dərman vasitələrinin qəbulu (antihistamin, hipotenziv dərmanlar, antidepressantlar və s.), kontakt linzalardan daimi istifadə olunması kimi amillər də təsir edən faktorlardır.
Bizim həyat tərzimiz, kompüter və digər qadjetlərdən həddindən çox istifadə etməyimiz, yuxusuz qalmağımız gözdə bəzi dəyişikliklərə səbəb olur. Bu problemlərdən biri də gözdə quruluq sindromudur və müasir dövrdə dünyada geniş yayılmış xəstəliklər qrupuna daxildir.
E-saglam.az xəbər veir ki, Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində fəaliyyət göstərən Yazıçılar Poliklinikasının həkim-oftalmoloqu Şükran Cumayevanın sözlərinə görə, gözün normal funksiyasının yerinə yetirilməsi üçün göz almasının üzəri daim nəmli olmalıdır. Bu nəmliyi göz yaşı təmin edir, hansı ki, şəffaf olan buynuz qişanı daim qoruyur:
“Quru göz sindromu gözdə yorğunluq, qızarma, qaşınma, yanma, yad cisim hissi, gözün sulanması kimi simptomlarla müşahidə olunur”.
Əgər bu kimi əlamətlər müşahidə olunarsa, mütləq həkimə müraciət etmək lazımdır:
“Diaqnozun qoyulması üçün həkim müayinəsi vacibdir. Çünki eyni simptomlar fərqli göz xəstəlikləri zamanı da rast gəlinə bilər, məsələn, xroniki allergik konyunktivitlər, keratokonyunktivitlər və s.
Biz bir şey oxuduğumuzda və ya izlədiyimizdə göz qırpmağımızı unuduruq. Əslində göz qırpma bir refleksdir və göz qırpma olanda göz nəmlənir. Əgər normada bir dəqiqə ərzində göz qırpma 16-20 dəfə olursa, yaxına çox baxdıqda, bu refleks 5 dəfəyə qədər azala bilər”.
Problemin həlli yollarına da toxunan həkim-oftalmoloq bildirdi ki, bu onun yaranma səbəbinə bağlıdır:
“Nəmləndirici göz damcılarından istifadə, oxuyarkən gözü qırpıb-açmağı unutmamaq, soyuq, günəşli və küləkli havada qoruyucu eynəkdən istifadə, bol su içmək, Omeqa-3 tərkibli qidalardan istifadə, kondisioner və soba olan məkanlarda az vaxt keçirmək və yuxunu sahmana salmaq kimi dəstəkləyici tədbirlər quru göz sindromunun fəsadlarından qurtulmağa yardım edir”.
Gözlərinizlə bağlı şikayətiniz varsa, ilk növbədə ilkin səhiyyə xidməti göstərən tibb müəssisələrinə müraciət edin!
Gözlərinizi qoruyun!