Bəzi insanlar ət yeməkdən imtina edir. Kimisi bunu arıqlamaq niyyəti ilə edir, kimisi də heyvan hüquqlarını müdafiə məqsədilə… Orqanizmin qəbul etməyə öyrəşdiyi ət və ət məhsullarından imtina nələrə səbəb olar? Ətin orqanizmimizə nə kimi faydaları var? Ən xeyirli hansı ət məhsuludur?
Modern.az mövzu ilə bağlı Qida Konsaltinq Kompaniyasının rəhbəri Seymur Qafarovun fikirlərini öyrənib.
Müsahibimiz deyib ki, gündəlik rasionumuzda bir sıra qida məhsullarını istifadə edirik və onlar özünün enerji dəyəri nisbəti ilə insanların həyatında vacib rol oynayır:
"Bu qidalardan ən vacibi zülalla zəngin olan ət məhsulları, xüsusən də qırmızı ət məhsuludur. Bu məhsulu bəzi dietoloqlar insanların qida rasionundan təmamilə çıxararaq, onları daha sürətli şəkildə arıqlamağa vadar edir. Bu məhsulun kifayət qədər zülalla bolluğu var ki, onu qida rasionundan çıxardıqda bir sıra fəsadlar verə bilir. İnsan gündəlik olaraq halsızlıq, yorğunluq hiss edə, gələcəkdə sümük kövrəkliyi və ümmunitet zəifliyi kimi hallarla qarşılaşa bilir. Əti balanslı şəkildə qəbul etmək vacibdir".
S.Qafarov qırmızı ətin əsas faydaları haqqında da danışıb:
Zülal mənbəyi: Qırmızı ət bədənin toxuma və əzələlərinin inkişafı üçün vacib olan yüksək keyfiyyətli zülal mənbəyidir. Həmçinin zülal enerjini artırmağa və toxluq hissini uzatmağa kömək edir.
Dəmir zənginliyi: Qırmızı ət orqanizmin dəmir ehtiyacını ödəyən ən yaxşı mənbələrdən biridir. Dəmir qanın oksigen daşıması üçün lazımdır və anemiya (qanazlığı) ilə mübarizədə kömək edir.
B12 vitamini: Bu vitamin yalnız heyvan mənşəli qidalarda tapılır və sinir sistemi funksiyalarını, qırmızı qan hüceyrələrinin yaranmasını dəstəkləyir.
Sink mənbəyi: Qırmızı ət immun sistemi və hüceyrə bərpası üçün vacib olan sink minerallarını təmin edir.
Kreatin və karnosin: Qırmızı ət beyin və əzələ funksiyasını yaxşılaşdıran kreatin və karnosin kimi vacib maddələrlə zəngindir.
Mütəxəssis sonda bildirib ki, qırmızı ətin həddindən artıq istehlakı ürək-damar xəstəlikləri və xolesterol problemlərinə səbəb ola bilər, buna görə də ölçülü və balanslı şəkildə qəbul edilməlidir.