Qarın nahiyəsində yağ yığılması təkcə estetik problem deyil. Bu vəziyyət əsasən ürək-damar və qaraciyər sağlamlığına zərər versə də, az tanınan bir təsiri də yaddaş və beyin funksiyaları ilə bağlıdır.
E-saglam.az xəbər verir ki, nevrologiya mütəxəssisi Prof. Dr. Derya Uluduzun sözlərinə görə, son elmi araşdırmalar visseral yağın (qarın boşluğunda orqanları əhatə edən dərin yağ toxumasının) beyinə mənfi təsir göstərdiyini ortaya qoyur. Tədqiqatlar göstərir ki, bu növ yağ beynin kiçilməsinə və zehni fəaliyyətin zəifləməsinə səbəb ola bilər.
Visseral yağ nədir?
Visseral yağ qarın boşluğundakı orqanları əhatə edən dərin yağ toxumasıdır. Bu yağ yalnız yığılmır, eyni zamanda aktiv şəkildə zərərli maddələr ifraz edir. Dərialtı yağdan fərqli olaraq, metabolik baxımdan daha aktivdir və iltihab yaradan maddələr buraxır. Bu isə həm qan damarlarına, həm də beyinə mənfi təsir edir.
Bundan əlavə, visseral yağ qan-beyin baryerini zəiflədə bilər. Bu baryer normalda beynimizi zərərli maddələrdən qoruyur. Lakin yağ toxumasından ifraz olunan iltihabi maddələr onun keçiriciliyini artırır və nəticədə toksinlər beyinə daha asan daxil olur, sinir hüceyrələrinə zərər verir.
Bu proseslər Alzheimer riskini artırır və insulin müqavimətinin inkişafına səbəb olur ki, bu da beynin enerjidən istifadə qabiliyyətini zəiflədir.
Əlamətləri necə tanımaq olar?
Beyin həcminin azalması yalnız MRT müayinəsində deyil, gündəlik həyatda da özünü göstərə bilər. Ən çox rast gəlinən əlamətlər bunlardır:
- Diqqətsizlik
- Adları xatırlamaqda çətinlik
- Konsentrasiyanın zəifləməsi
- Qərar verməkdə çətinlik
Bu hallar çox vaxt yaşlanma ilə əlaqələndirilsə də, səbəb bəzən metabolik stress ola bilər.
Arıqlamaq beynə necə təsir edir?
Araşdırmalar göstərir ki, visseral yağın çox olduğu insanlarda beyin həcmi daha sürətlə azalır. Xüsusilə yaddaş və qərarvermə ilə əlaqəli sahələr — hipokampus və prefrontal korteks daha tez təsirlənir.
Lakin yaxşı xəbər odur ki, visseral yağ azaldıqda bu proses yavaşlayır. Belə insanlarda:
-Yaddaş daha yaxşı olur
- Düşünmə sürəti sabit qalır
- Qərarvermə qabiliyyəti güclənir
Bu isə iltihabın azalması, qan dövranının yaxşılaşması və beynin daha yaxşı qidalanması ilə bağlıdır.
Nə etməli?
Qarın yağından qurtulmaq üçün məqsəd sadəcə çəki itirmək deyil, məhz yağ kütləsini azaltmaqdır. Kiçik həyat tərzi dəyişiklikləri belə böyük təsir göstərə bilər:
- Rafinə olunmuş şəkər və emal edilmiş qidaları azaldın
- Gün ərzində kifayət qədər su için
- Hər gün fiziki aktiv olun (məsələn, gəzinti)
- Həftədə 2–3 dəfə güc məşqləri edin
- Yuxu rejiminə diqqət yetirin
- Bel çevrənizi nəzarətdə saxlayın
- Aralıq dənizi tipli qidalanmaya üstünlük verin (tərəvəz, meyvə, paxlalılar, zeytun yağı, omega-3 yağları).
Tərcümə: Könül Oruc