Panik atakın həyati təhlükəsi var? - Açıqlama
Panik atakın həyati təhlükəsi var? - Açıqlama

Panik atakın həyati təhlükəsi var?

Panik atak zamanı xəstələr əsasən 2 tip bədənsəl simptomla qarşılaşırlar: Ürək və nəfəsalma. 

Bu sözləri E-saglam.az-a açıqlamasında Uzman psixiatr Azər Bağırov deyib.

Onun sözlərinə görə, birinci halda xəstələr ürək infarktı keçirdiklərini düşünürlər, hətta bu qorxu bəzən elə şiddətli hal alır ki, onlar infarkt şikayəti ilə təcili yardıma müraciət edirlər: 

"İkinci atak formasında isə xəstə tam nəfəs ala bilmədiyini deyir, atakın şiddəti artdıqca nəfəs ala bilməmə, boğulma qorxusu yaşayır". 

Uzman psixiatr bildirib ki, bundan başqa bədənin müxtəlif nahiyələrində uyuşma və bununla əlaqədar iflic, beyinə qan sızma qorxuları da görülür: 

"Qorxunun şiddəti artdıqca ürək döyüntüləri, bədənsəl əlamətlər daha çox güclənməyə və xəstəni daha çox narahat etməyə başlayır. Bu halda xəstə özünü çölə atmaq, hava almaq üçün qapı-pəncərəni açmaq istəyir.

Panik atakdan əziyyət çəkən xəstələr adətən dəfələrlə bu əlamətlərlə əlaqədar müayinədən keçirlər, heç bir problem görülmədikdə isə onlar başqa həkimə müraciət edib yenidən müayinə olmaq istayirlər ki, bəlkə nə isə gözdən qaçıb. Əslində burada ürəklə və ya digər orqanlarla əlaqədar problem yoxdur, bu tamamən psixi xarakter daşıyır.

Panik atak psixoterapiya və dərman müalicəsinin köməyi ilə müalicə edilir". 

Könül Oruc