Müasir valideynlərin “dəbi”: “Övladımın dostuyam”
Müasir valideynlərin “dəbi”: “Övladımın dostuyam”

“Övladım mənim dostumdur, məndən çəkinmir”, “Övladım hər şeyini gəlib mənimlə bölüşür”, “Mən övladımın ən yaxın sirdaşıyam” və s… Son dövrlərdə bəzi valideynlərdən bu tipli cümlələri çox eşidirik. Bəs görəsən bu nə dərəcədə doğrudur? Valideyn övladı ilə dost olmalıdırmı? Olmalıdırsa, bu hansı formada aparılmalıdır?

E-saglam.az olaraq mövzu ilə bağlı suallarımızı Psixoloq Vəfa Rəşidovaya ünvanladıq.

Psixoloq saytımıza açıqlamasında bildirdi ki, ümumiyyətlə bizdə valideynlərin düşüncəsi tərbiyə mövzusunda net deyil. Yəni, kim necə bacarırsa, haradansa iki kəlimə öyrənirsə, bunu uşağa tətbiq etməyə başlayır: “Bizim valideynlərdə mütaliə yoxdur ki, tərbiyə metodunu hansısa kitaba əsaslanaraq aparsın. Bu olmadığına görə, valideynləri də qınamıram, çaş-baş qalıblar. Uşaqlarını elə tərbiyə etməyə çalışırlar ki, nə şiş yansın, nə də kabab. Bir psixoloq deyir ki, övladınızla dost olun, digər psixoloq da deyir ki olmayın. İndi gəlin valideynlərin situasiyanı başa düşək”.

Psixoloq bildirib ki, valideyn nə qədər övladı ilə yaxın, dost da olsa bu o demək deyil ki, o incə pərdəni aradan götürmək lazımdır: “Bəzi valideynlər deyir ki, övladımla dostam, gəlib mənə hər şeyi danışır. Amma bəzən ana ilə övlad arasında elə mövzular danışılır ki, bu uşaqda fərqli yanaşmaların yaranmasına gətirib çıxara bilir. Uşaq düşünür ki, onsuz da anama hər şeyi danışıram, anam bunlarla razıdır və mən istədiyim istiqamətdə həyatımı tuta bilərəm. Mənim təcrübəmdə bunlar olub deyə, xüsusilə vurğulayıram”.

V.Rəşidova deyib ki, diqqət etmək lazımdır ki, valideynlə övlad arasında dostluqdan öncə güvən olsun: “Valideynlə övlad arasındakı incə pərdəni saxlamaq lazımdır. Bu olmayanda isə xaos yaranır. Övlad artıq valideynin mövzulara reaksiyasını təxmin edə bildiyinə görə, sui-istifadə etməyə başlayır”.

Psixoloq vurğulayıb ki, uşaq valideynini güc ünsürü olaraq hiss etməlidir: “Dostluğu özü frekansında hiss edir. Ona görə də bu gün valideynin üzünə daha tez ağ olurlar. Xaos yaranır, münasibətdə də disbalans olur. Bir-birilərinin yanında nə gəldi danışırlar. Şüuraltı uşaq elə başa düşür ki, anam, atam mənimlə dostdur. Məni hər halımda, hər seçdiyim istiqamət yanlış da olsa qəbul edəcək. Və uşaqlar bundan istifadə edərək valideynlərini manipulyasiya etməyə başlayırlar. Valideyn qorxunc bir insan da olmamalıdır, amma o incə pərdəni də qoruyub saxlamağı bacarmalıdır”.

Könül Oruc

E-saglam.az