Yandex watch
Keyfiyyətli yuxunun qızıl açarı:

Daha yaxşı yuxu həyat keyfiyyətini artırır, məhsuldarlığı yüksəldir və stressi azaldır.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, 10-3-2-1-0 qaydası, yuxudan əvvəl bəzi vərdişləri tənzimləyərək yuxu keyfiyyətini yaxşılaşdırmağı məqsəd qoyur. Budur bu qaydanın detalları:

10 saat əvvəl: Kofein qəbulunu dayandırın. Qəhvə, çay, enerji içkiləri və şokolad kimi kofeinli məhsullar yuxu hormonlarının fəaliyyətinə mane ola bilər. Kofein qan dövranından çıxmaq üçün uzun müddət tələb edir və bu, gecə yuxusunun dərinliyinə mənfi təsir göstərə bilər.

3 saat əvvəl: Yemək və spirtli içki qəbulunu dayandırın. Gecə ağır yemək mədə yanmasına səbəb ola və yuxunu poza bilər. Spirt yuxuya getməyi asanlaşdırsa da, gecə boyunca tez-tez oyanışlara səbəb olur və yuxunun keyfiyyətini azaldır.

2 saat əvvəl: İş və stressli fəaliyyətləri dayandırın. Beyin tam rahatlaşmadan keyfiyyətli yuxu mümkün deyil. Yatmazdan əvvəl ağır düşüncə tələb edən fəaliyyətlərdən, məsələn, iş və ya təhsil ilə məşğul olmaqdan çəkinin. Həmçinin, emosional olaraq gərgin filmlər və ya xəbərlər izləməkdən uzaq durun.

1 saat əvvəl: Ekranlardan uzaqlaşın. Kompüter, telefon və televizor ekranları mavi işıq yayaraq melatonin hormonunun ifrazını azaldır. Yatmazdan əvvəl ekranlardan uzaq qalmaq beyni istirahət rejiminə keçməyə kömək edir.

0: Mürgüləmə düyməsini basmayın. Səhər oyananda saatın mürgüləmə funksiyasını istifadə etməməyə çalışın. Bu, yuxu rejimini pozur və sizi gün ərzində daha yorğun hiss etdirə bilər.

Bu qaydaya əməl etməklə daha tez yuxuya gedə bilər, gecə boyunca daha az oyanar və səhər daha enerjili oyanarsınız. Sadə, lakin təsirli olan bu rejim gündəlik həyatınıza kiçik dəyişikliklər edərək yuxu keyfiyyətinizi artırmağın mükəmməl yoludur.

Tərcümə: Könül Oruc

E-saglam.az