Nevroloq Qalina Çudinskaya isti havalarda insult riskinin artdığını bildirib və qorunmaq üçün bir sıra vacib tövsiyələr verib.
E-saglam.az xəbər verir ki, həkimin sözlərinə görə, günün ən isti saatları olan 12:00–17:00 aralığında açıq havada uzun müddət qalmaq və fiziki aktivlik təhlükəli ola bilər. Bu səbəbdən gəzinti və digər işləri səhər və ya axşam saatlarına planlaşdırmaq tövsiyə edilir. Açıq havada olarkən isə papaq taxmaq və yüngül, nəfəs alan geyimlərdən istifadə etmək vacibdir.
Mütəxəssis bildirib ki, bədəni sərin saxlamaq faydalıdır, lakin bunu ehtiyatla etmək lazımdır. Kondisioner, sərin duş və ya vannadan istifadə etmək olar, amma istidən dərhal sonra çox soyuq suya daxil olmaq məsləhət görülmür. Çünki qəfil temperatur dəyişiklikləri damarlara mənfi təsir göstərə bilər.
Çudinskaya əlavə edib ki, hətta hipertoniya problemi olmayan şəxslər də qan təzyiqlərini vaxtaşırı ölçməlidirlər. Baş ağrısı, halsızlıq və ürəkbulanma kimi əlamətlər olduqda buna xüsusi diqqət yetirmək lazımdır.
Həkim vurğulayıb ki, siqaretdən uzaq durmaq, xolesterolu nəzarətdə saxlamaq, müntəzəm hərəkət etmək və xroniki xəstəlikləri düzgün idarə etmək insult riskini azaltmağa kömək edir.
Tərcümə: Könül Oruc