Göz qapaqlarının səyirməsi əksər hallarda zərərsiz görünsə də, bəzi hallarda ciddi sağlamlıq problemlərinin əlaməti ola bilər.
E-saglam.az xəbər verir ki, nevroloq Diana Xokonova bu simptomun arxasında gizlənə biləcək risklərlə bağlı xəbərdarlıq edib.
Mütəxəssisin sözlərinə görə, ən çox rast gəlinən səbəblər stress, yorğunluq, həddindən artıq kofein qəbulu və bəzi qida maddələrinin çatışmazlığıdır. Bu hallarda səyirmə adətən qısa müddətdə öz-özünə keçib gedir.
Lakin heç bir aydın səbəb olmadan uzun müddət davam edən səyirmələr diqqətdən kənarda qalmamalıdır. Həkim bildirir ki, belə vəziyyətlərdə bu əlamət daha ciddi problemlərin siqnalı ola bilər.
Qeyd olunur ki, davamlı əzələ səyirmələri bəzi hallarda sinir sistemi xəstəlikləri ilə əlaqəli ola bilər. Bunlara beyin və onurğa beyni xəstəlikləri - xərçəngi, iltihabi proseslər və digər nevroloji pozğunluqlar daxildir.
Bundan əlavə, bu simptom vitamin və mineral çatışmazlığı, diabet, revmatoid artrit və bəzi damar problemləri ilə də əlaqəli ola bilər.
Mütəxəssislər vurğulayır ki, əgər səyirmə uzun müddət davam edir, yayılır və ya digər əlamətlərlə müşayiət olunursa, mütləq həkimə müraciət etmək lazımdır. Erkən diaqnoz mümkün risklərin qarşısını almaqda mühüm rol oynayır.
Tərcümə: Könül Oruc