13 yaşından əvvəl smartfon istifadə edən uşaqlar, xüsusilə də qızlar, böyüdükdə daha ciddi psixi sağlamlıq problemləri ilə qarşılaşa bilərlər.
E-saglam.az bu barədə xarici KİV-də dərc olunan araşdırmaya istinadən xəbər verir.
Araşdırmada 18-24 yaş aralığında olan 100 mindən çox gəncin sorğu nəticələri təhlil edilib.
Sorğu zamanı iştirakçılardan aqressiya, laqeydlik hissi, intihar düşüncələri kimi psixi sağlamlıq simptomları barədə məlumat vermələri istənilib. 13 yaşından əvvəl smartfon sahibi olanlar arasında daha ciddi psixi sağlamlıq göstəriciləri müəyyən olunub.
Smartfonun erkən yaşda istifadəsi həm qızlar, həm də oğlanlar arasında özünə dəyər və özünüqavramanın daha aşağı səviyyədə olması ilə əlaqələndirilib. Qızlar emosional dözümlülüyün və özünə inamın daha az olduğunu, oğlanlar isə daha az sakit, daha az sabit və daha az empatik olduqlarını bildiriblər.
5 və ya 6 yaşında smartfon sahibi olan gənc qadınların təxminən 48%-i ağır intihar düşüncələri yaşadıqlarını bildiriblər. Bu göstərici 13 yaşında və ya daha sonra smartfon sahibi olan qadınlarda 28% olub.
Gənc oğlanlar arasında isə 5 və ya 6 yaşında smartfon sahibi olanların 31%-i ağır intihar düşüncələri yaşadıqlarını, 13 yaşında və ya daha sonra smartfon sahibi olanlarda isə bu göstəricinin 20% olduğunu bildiriblər.
Araşdırma müəllifləri qadın və kişilərin psixi sağlamlıq simptomları arasındakı fərqləri əsasən sosial media istifadəsi ilə əlaqələndiriblər. Psixi sağlamlığa təsir edən digər amillər kimi isə kibertəcavüz, zəif yuxu rejimi və ailədaxili münasibətlərin zəif olması göstərilib.
Tədqiqatçılar 13 yaşdan kiçik uşaqlar üçün smartfon və sosial mediaya çıxışın məhdudlaşdırılmasını, rəqəmsal savadlılıq təhsili və şirkətlərin məsuliyyətini təşviq etməyi tövsiyə ediblər.
İqtisadiyyat.az