"Ümumi yorğunluq, halsızlıq, təngnəfəslik, başgicəllənmə, əl və ayaqlarda soyuqluq, sürətli və ya nizamsız ürək döyüntüsü, dırnaqların qırılması zamanı ağlınıza gələn ilk səbəb vitamin çatışmazlığı olmalıdır".
E-saglam.az xarici mediaya istinadən xəbər verir ki, bu sözləri daxili xəstəliklər və hematologiya mütəxəssisi Dos. Dr. Soner Solmaz deyib. O, bildirib ki, dəmir defisitli anemiya çox geniş yayılsa da, ilk vaxtlar dərhal fərq edilməyəcək və diaqnozu üçün qan analizi lazımdır. Ancaq çatışmazlıq kimi, təsadüfi qəbul edilən dəmir əlavələri də bəzi xəstəliklərə səbəb ola bilər.
Bəs dəmir çatışmazlığı olanlar nələrə diqqət etməlidir?
Dəmir çatışmazlığı anemiyasının ən çox görülən anemiya növü olduğunu ifadə edən Dr. Solmaz deyib ki, hər yüz qadından 35-də, hər yüz kişidən 20-də görülən dəmir çatışmazlığı anemiyası hamilə qadınlarda yüzdə 50-yə yüksəlir: "Anemiya orqanizminizin hemoqlobini əmələ gətirməsi üçün kifayət qədər dəmir olmadığı zaman meydana gəlir".
Həkim, reproduktiv yaşda olan qadınlarda dəmir çatışmazlığı anemiyasının ən çox rast gəlinən səbəbinin çoxlu menstrual qanaxma və ya hamiləlik nəticəsində qanda dəmir itkisi olduğunu, bunun da qida çatışmazlığı və bəzi mədə-bağırsaq xəstəlikləri nəticəsində yarana biləcəyini bildirib.
Dəmir əskikliyinin əlamətləri nələrdir?
Dəmir əskikliyi anemiyasının ilk başlarda yüngül olduğu üçün hiss olunmaya bilər. Ümumi yorğunluq, halsızlıq, solğunluq, nəfəs darlığı, başgicəllənmə, torpaq və buz kimi qidalar yemək istəyi, soyuq əllər və ayaqlar, sürətli və ya nizamsız ürək döyüntüsü, kövrək dırnaqlar və baş ağrısı dəmir çatışmazlığının əlamətləridir.
Tərkibində dəmir olan qidalar hansılardır?
Ət, yumurta və bəzi yaşıl yarpaqlı tərəvəzlər kimi qidalar dəmirlə zəngindir. Böyümə və inkişaf dövrlərində olan hamilə qadınların və azyaşlı uşaqların daha çox dəmirlə zəngin qidalara ehtiyacı olur.
Həkim sonda qeyd edib ki, özünüzə diaqnoz qoymayın və müalicə etməyin. Lazımsız və artıq dəmir qaraciyərin zədələnməsi, ürək ritminin pozulması kimi digər sağlamlıq problemlərinə də səbəb ola bilər. Əgər dəmir çatışmazlığından şübhələnirsinizsə, həkimə müraciət edin.
Tərcümə etdi: Könül Oruc